
Osman və Cəbrayıl üçün DÇ-də bürünc medal şansı
- 14 Sen 2025 23:18
- 40
Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, ikinci yarış günündə sərbəst güləş üzrə daha 4 çəkidə finalçılar müəyyənləşib.
İslam Bazarqanov (57 kq) gürcüstanlı Roberti Dinqaşviliyə 10:1 hesabıyla qalib gəlsə də, 1/8 finalda rusiyalı Musa Mextixanova 0:3 hesabıyla məğlub olub.
Turan Bayramov (74 kq) 1/16 finalda rusiyalı olimpiya və dünya çempionu Zaurbek Sidakovla bacarmayıb – 1:5.
Cəbrayıl Hacıyev (79 kq) debütdə Sierra Leone güləşçisi Alfred Daniel xalçaya çıxmadığı üçün 1/8 finala yüksəlib. Daha sonra isə slovakiyalı Axsarbek Qulayevə 2:1 hesabıyla qalib gəlib. Ancaq 1/4 finalda yunanıstanlı Avropa çempionu Georgios Kuqiumtsidisə 0:8 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Cəbrayıl sabah təsəlliverici görüşə çıxacaq.
Osman Nurmaqomedov (92 kq) startda hindistanlı Dipak Punianı minimal fərqlə (4:3) üstələyib. 1/4 finalda yunanıstanlı olimpiya mükafatçısı və 3 qat Avropa çempionu Dauren Kuruqliyevlə görüşdə güləşçimiz 2:0 öndə olarkən rəqib zədələnib və Osman yarımfinala yüksəlib. Nurmaqomedov finalın bir addımlığında amerikalı Trend Hidleyə məğlub olub – 4:15. Təmsilçimiz sabah bürünc medal uğrunda güləşəcək.