"Neftçi"nin məşqçisi Mübariz Orucov Misli Premyer Liqasının 12-ci turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 2:3 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:


“Razıyam, nəticələrimiz ürəkaçan deyil. Oyun baxımdan keçən illə müqayisədə yaxşıyıq, amma bu hələ nəticələrə təsir etmir. Çox xallar itirmişik və bu gün də üzücü məğlubiyyət aldıq. Amma komandada yeni oyunçular var və heyət hələ tam formalaşmayıb. Keçən mövsümlə müqayisədə heyətimizdə böyük dəyişikliklər olub və hazırda uyğunlaşma prosesi davam edir.


“İmişli” yaxşı futbol oynadı. Onlar güclü rəqiblərə qarşı motivasiyalı oynayır və istəkləri yüksəkdir. Bu səbəbdən qalib gəldilər. Komandaya onların aut atışlarından təhlükəli olduğu haqda məlumat vermişdik. Qorxduğumuz yerdən də qollar buraxdıq.


Onsuz da biz “Neftçi” olaraq çempionat və kuboka köklənmişik. Liqada işlər yaxşı getmir. Kubok qısa yoldur. Ona da köklənəcəyik. Çempionatın yarısına gəlib çatmışıq. Amma qarşıda matçlar var. “Neftçi”nin hədəfi həmişə çempionluqdur. Ən azından avrokuboklar hədəfimiz var. İnanırıq ki, avrokuboklara vəsiqə qazanacağıq”.