“Neftçi”nin baş məşqçisi Samir Abasov Bizon Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində qarşılaşdıqları MOİK-lə oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 6:2 hesablı qələbə barədə bunları söyləyib:


“Vensan Abubakarı vaxtında gətirə bilməzdik, bizim üçün əlçatmaz idi. Çünki Azərbaycan Premyer Liqası belə futbolçuların can atdıqları yer deyil. Biz sırf Abubakarın dalınca qaçmamışdıq, yəni ad axtarmamışıq. Cərimə meydançasının içində bir toxunuşu ilə səviyyəsini göstərən hücumçu axtarmışıq. Həmin ərəfədə yetərincə adlar da var idi. Bizim üçün ən idealını seçmişik və gətirmişik. Lakin mən sırf adın üstündə dayanmağın əleyhinəyəm. Bütün futbolçular oynayır. Digər futbolçuların etdiklərini də görürəm. Oyuna gəlincə, kubok turniri bizim üçün həmişə çətin olub, amma “Neftçi” elə komandadır ki, onun üçün hər növbəti oyun prioritetdir. Çətin olmasına baxmayaraq, hər iki cəbhədə sonadək mübarizə aparacağıq. Hər oyunun vacibliyini anlayırıq, təzyiqi də hiss edirik. Buna görə də rəqibin fərqi yoxdur”.