“Neftçi” gözləmədiyimiz düzülüşlə meydana çıxmışdı” - Dambrauskas
- 23:00
- 26
“Sabah” Misli Premyer Liqasının 14-cü turunda bu gün “Neftçi”ni qəbul edib.
Rekord.az xəbər verir ki, 2:0 hesabı ilə qalib gələn “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın oyundan sonra mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis bu gün heç bir oyunçusunun topdan gizlənmədiyini bildirib:
“İlk olaraq oyunçularımı təbrik etmək istəyirəm. Həqiqətən, bu gün möhtəşəm çıxış etdilər. Əlbəttə ki, mənim onlardan gözləntilərim daha yüksəkdir. Heç bir oyunçum topdan gizlənmirdi.
Bu gün neytral azarkeşlər üçün də çox maraqlı, gərgin matç keçdi. Meydanda baş verənlər barədə danışsaq, mən deyərdim ki, bu gün açar rolunda bizim üstünlüyü ələ almaq, dominant futbol oynamaq istəyimiz idi. Düzdür, rəqib bu gün bir az fərqli, gözləmədiyimiz düzülüşlə meydana çıxmışdı. Buna baxmayaraq, ikinci hissədə üstün olan tərəf biz idik. Sadəcə, məni bu oyunda məyus edən anlar da oldu. Bu anlar əsasən qol fürsətlərindən yararlanmamağımız idi. İlk hissədə, ikincidə də yaxşı qol imkanlarımız oldu.
Sabahdan hazırlıqlarımıza start verəcəyik. Çünki bizi qarşıda çox çətin oyunlar gözləyir. Daha sonra “Qarabağ”la qarşılaşacağıq. Ona görə də, yaxşı hazırlaşmalıyıq. Buna fokuslanmışıq.
Bizim üçün ən önəmlisi sabahdan məşqlərimizi bərpa edib, qarşıdakı oyunlara hazırlaşmaqdır. Həqiqətən, 6-cı gün bizi çox çətin qarşılaşma gözləyir. Ona görə də, indidədən qış fasiləsində hansı pillədə olacağımız məni maraqlandırmır. Mənim üçün əsas olan mövsümün sonunda hansı pillədə qərarlaşmağımızdır”.