21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviç AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Finlandiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, serbiyalı mütəxəssis, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

- İlk hissəyə istədiyimiz kimi başladıq. Orta sahədə üstünlük bizdə idi. Öz oyunumuzu oynamağa başladıq. İmkanlarımız oldu, ancaq dəyərləndirə bilmədik. 2-3 əks hücumumuz olsa da, qolla nəticələnmədi. İlk hissədə rəqibin qol imkanı olmadı. İkinci hissədə - 55-60-cı dəqiqə arasında görünürdü ki, komandamız fiziki olaraq yorulub. Həmin ərəfədə Finlandiya 2-3 təhlükəli hücum yaratdı. Sonradan toparlandıq və oyunumuzu oynamağa başladıq. Futbol belədir, sən qol vura bilmirsənsə, rəqib səni cəzalandıracaq. Sonda qolumuzu vurduq. Təəssüflər olsun ki, qələbə qazana bilmədik. Komandamızı dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Bizə burada oynamaq çox xoşdur.

- Sumqayıtı belə bəyənirsizsə, nə üçün gələn ay olacaq oyunları Bakıda keçirəcəksiz?
- Burada oynamaq bizə çox xoşdur. Mənə qalsa, razıyam. Amma tək burada oynamalı deyilik. Məndən olsa, hər bölgədə - Masazırda, Qəbələdə, Naxçıvanda oynamaq istəyərəm.

- Rəqib azlıqda idi. 1 xal qazandınız, ya 2 xal itirdiniz?
- Əlbəttə, 2 xal itirdik. Rəqib çox yaxşı və sürətli komandadır. Həqiqətən, əlimizdən gələni etdik. Çox güc sərf etdik. İmkanlarımız var idi, amma təəssüflər olsun ki, alınmadı.

- Oktyabrın 12-də Xorvatiya ilə oyun var. Fkirləriniz nədir?
- Qarşıda 4 gün var. Heyətdə 23 futbolçu var. Hər biri oynamağa layiqdir. Daha çox hazır olan oyunçular oynayacaq.

- Hesab bərabərləşəndən sonra futbolçulara səslənirdiz ki, tələsməyin. Nə üçün belə edirdiz?
- Tələsmə deyərək, top itirməmələrini istəyirdim. Onlar mənim nə istədiyimi yaxşı bilirlər. Bir az dincəlmək və sonra hücum etmək lazım idi. 

- “Beşiktaş”ın futbolçusu Bərkay Vardarı milliyə dəvət etməyi düşünürsüz?
- Berkay bizim U-19 komandamızın oyunçusudur. "Ayaks" - “Beşiktaş” matçına baxdım. “Beşiktaş”ın zədəliləri çox idi. Bərkay buna görə şans qazandı. Onu izləyirik, hər şey onun özündən asılıdır. (komanda.az)