İslam Həmrəyliyi Oyunlarında 1 dəst medal
- 22:29
- 35
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında güləş yarışı davam edir.
Rekord.az xəbər verir ki, u gün yunan-Roma güləşində 2, qadın güləşi üzrə isə 3 çəkidə mübarizə baş tutub.
Yunan-Roma güləşində Murad Əhmədiyev (97 kq) misirli Mohamed Qabraya tam üstünlüklə (8:0), türkiyəli Beytullah Kayışdağa isə 5:1 hesabı ilə qalib gələrək finala yüksəlib. Həmyerlimiz həlledici görüşdə iranlı olimpiya və ikiqat dünya çempionu Mohammad Saraviyə 1:5 hesabıyla məğlub olub və debüt etdiyi İslamiadanı gümüş medalla başa vurub.
Beka Kandelaki (130 kq) A qrupunda misirli Abdellatif Mohamed (3:4) və iranlı Fardin Hedayatiyə (0:8) uduzub.
Qadın güləşində Jalə Əliyeva (57 kq) A qrupunda tunisli Çad Jeljeli və banqladeşli Mimdən “tuş”la, türkiyəli Elvira Kamaloğludan isə 19:10 hesabıyla üstün olub. Qrupu maksimum nəticəylə lider başa vuran millimizin lideri yarımfinalda qırğızıstanlı Sezim Jumanazarovanın da kürəyini yerə sıxaraq, vaxtından əvvəl adını finala yazdırıb. Əliyeva son görüşdə yenidən Elvirayla qarşılaşıb. Türkiyəli güləşçiyə 6:2 hesabıyla qalib gələn Jalə titulunu qoruyub və ikinci dəfə İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Elnurə Məmmədova (50 kq) B qrupunda türkiyəli Zehra Demirhanı 8:5 hesabıyla üstələsə də, nigeriyalı Mersi Geneisi ilə bacarmayıb – 2:12. Qrup ikincisi kimi yarımfinala adlayan güləşçimiz özbəkistanlı Aktenge Keunimjayevaya (0:10) müqavimət göstərə bilməyib. Ancaq əlcəzairli Şebila Şeymadan (5:0) güclü olan Elnurə bürünc medalı boynundan asıb.
Gültəkin Şirinova 1/4 finalda qırğızıstanlı Aruuke Kadirbekqızıya 4:11 hesabıyla məğlub oldu.
Sabah daha 5 güləşçimiz xalçaya çıxacaq.