"Turan Tovuz" Futbol Klubu ilə "Hüner Group" arasında sponsorluq müqaviləsi imzalanıb.

"Rekord.az" xəbər verir ki, mərasim fevralın 11-də, klubun bazasında baş tutub.

Tədbirdə "Turan Tovuz"un idarə heyətinin sədri Rəşid Məhhərəmov, Futbolin İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev, "Huner Group"un təsisçisi Ehtiram Quliyev iştirak ediblər. Tədbirdə açılış nitqini Rəşid Məhhərrəmov söyləyib. O, imzalanan müqavilənin "Turan  Tovuz" və futbolun inkişafı adına kifayət qədər faydalı olduğunu qeyd edib: "Qardaş Türkiyədə baş verən faciə nəticəsində ölənlırə rəhmət, yaralılara şəfa diləyirik. Tovuz Azərbaycanda futbol bölgələrindən biridir. Burada çoxlu oyunçular yetişib. SSRİ vaxtı “Neftçi”də ayrı-ayrı dövrlərdə çoxlu tovuzlu futbolçular çıxış edib. Gəncənin “Dinamo” klubunun oyunçularının yarısı bizim rayondan olub. Müstəqillik dövründə Tovuzda futbol inkişaf etdi. Ölkəmizdə ilk peşəkar klub “Turan” da burada yaranıb. 2013-cü ildə klub yüksək liqanı tərk etdikdən sonra rayonda futbol enmə vəziyyətinə gəldi və inkişaf zəiflədi. Dövlətimizin qayğısı nəticəsində AFFA və rayon rəhbərliyinin səyi nəticəsində futbol akademiyası yaradıldı. Bundan sonra futbolumuz yenidən dirçəlməyə başladı. 9 il sonra komandamız yenidən elitaya qayıtdı. Az müddət ərzində ortabab klublardan birinə çevrildik. Klubun yaxşı çıxış etməsində əsas məsələlərdən biri rəhbərlikdə keçmiş futbolçuların təmsil olunmasıdır. Bu yaxınılarda Tovuz ictimaiyyəti sevindirici xəbər aldı. “Huner Group” şirkətinin təsisçisi və prezidenti Ehtiram Quliyev Futbolun İnkişaf Fondu tərəfindən klubumuza dəvət olundu. İnanıram ki, bu dəstək nəticəsində “Turan Tovuz” əvvəlki günlərinə qayıdacaq və ölkəmizi avrokuboklarda təmsil edəcək”.

Daha sonra "Turan"ın sabiq prezidenti Vidadi Əhmədova söz verilib. Əhmədov da öz növbəsində tərəfdaşlığı yüksək qiymətləndirib və hər iki tərəf üçün uğurlu olmasını diləyib: "Turan Tovuz”un bütün sevənlərini təbrik edirəm. Yeni sponsora təşəkkürümüzü bildirirəm. Azərbaycanda futbolla əlaqədar ilklərin əksəriyyəti Tovuzdan başlayıb. Klubumuz ilk dəfə ölkəmizi Çempionlar Liqasında təmsil edib. Həmin vaxt çox xoş hisslər keçirirdik. Bu gün ölkədə futbol ictimaiyyəti böyüyüb. Xoş haldır ki, sponsorlar futbolun inkişafına kömək etmək istəyir. “Huner Group”a, rəhbərliyinə təşəkkür edirəm. Futbolda eniş dı olur, yoxuş da. Ola bilsin, ilk vaxtlarda uğur alınmadı. Arzu edirəm ki, heç vaxt həvəsdən düşməsinlər. Uğursuzluq olarsa, ondan dərs alıb, daha yaxşı olmaq, daha yüksək nailiyyətlər əldə etmək üçün çalışmalıyıq. Bu əməkdaşlıq hər iki tərəf üçün xeyirli olsun!”

Əhmədovun ardından isə Tural Piriyev danışıb. O, imzalanan müqaviləni və hazırkı tərəfdaşlığı böyük bir komanda işi kimi dəyərləndirib:"FİF-in vasitəçiliyi ilə baş tutan bu əməkdaşlıq böyük bir komanda işidir. Aktiv fəaliyyətimizdən təxminən 1 il ötür. İlk səfərimiz Tovuza olmuşdu. Futbol tək əyləncə növü deyil, bölgə üçün böyük sosial-iqtisadi faydaları var. Çox xoşdur ki, Tovuz rayonunun icra başçısı Məmməd Məmmədov ilk gündən dəstəyini göstərdi. Elə vaxt olmayıb ki, bir məsələ ilə bağlı müraciət edək və kömək olmasın. Himayəçilər Şurasının üzvü Qənirə Paşayevə təşəkkür edirəm. Ehtiram müəllimlə yaydan danışıqlar aparırıq. Çalışdıq ki, uzunmüddətli tərəfdaşlıq olsun. Burada biznes faydasını qeyd etmək düzgün olmaz. Bu, daha çox bölgəsinə bağlılıq, fədakarlıqla bağlıdır. İnanıram ki, bu tərəfdaşlıq digəre bölgələrə də müsbət təsir göstərəcək. Ehtiram müəllimə təşəkkür edirəm. Klubun İdarə Heyəti şəffaf mühit yaradıb. Bu da imkan verir ki, gedib biznes adamları ilə rahat şəkildə danışaq. Onlara da təşəkkür edirəm. Fondumuz dəstəyini əsirgəməyəcək. İnanırıq ki, nümunəvi əməkdaşlıq quracağıq. Tərəfdaşlığımız uğurlu olsun”.

Nəhayət söz “Huner Group”un təsisçisi Ehtiram Quliyevə verilib. Quliyev "Turan Tovuz"la bağlanan bu müqaviləyə və tərəfdaşlığa görə, klub rəhbərliyinə, o cümlədən, yerli icra hakimiyyətinə təşəkkürünü bildirib: “Qardaş Türkiyədə baş vermiş faciə ilə bağlı dərin hüzn içindəyik. Cənab Prezidentimizin çağırəışından sonra kütləvi şəkildə yardım kampaniyalarına qoşulduq. “Huner Group”, fiziki olaraq Ehtiram Quliyev dəstək olmağa çalışdıq. Tədbirimiz əvvəldən planlaşdırılmışdı. AFFA rəhbərliyin, FİF-ə, rayon icra hakimiyyəti rəhbərliyinə təşəkkür edirəm. Klubda yaradılmış şərait bizi çox qane etdi. “Turan Tovuz” idarəçiliyi uzun müddətdir, burada fəaliyyət göstərir. Dövlətin dəstəyi ilə klub yenidən Premyer Liqadadır. Yaydan FİF-lə danışıqlara başladıq. Tərəddüdlərimiz, suallarımız var idi. Yorulmadan suallarımızı cavabladılar. Bura yığışmağımızda böyük əmək FİF-ə düşür. Onlara təşəkkür edirəm. İqtisadiyyatımız, ölkəmiz güclənir. Bu gün sponsor şirkətlərimiz yaranır. 1992-ci ildə, o çətin şəraitdə rayonda klub yaradılıb. Vidadi müəllimin adı tarixə qızıl hərflərlə yazılıb. Bir azarkeş olaraq bunu heç zaman unutmayacağıq. Hər birinizə təşəkkür edirəm”.

Yekunda tərəflər media önündə rəsmi anlaşmaya imza atıblar.