
Füzulidə yeni güləş mərkəzi istifadəyə verilib
- 23 İyl 2025 23:00
- 34
Azərbaycan Güləş Federasiyası (AGF) bu idman növünün regionlarda inkişafı və gənc nəslin sağlam ruhda tərbiyəsi istiqamətində fəaliyyətini davam etdirir.
Rekord.az xəbər verir ki, bu məqsədlə AGF tərəfindən Füzuli rayonunun 4-cü Qayıdış qəsəbəsində yerləşən 4 saylı məktəbin idman zalı federasiyanın dəstəyilə güləş xalçası, müxtəlif məşq və texniki avadanlıqlarla, digər zəruri idman ləvazimatları ilə təmin edilib.
Bu addım bölgədə idmanın inkişafına dəstək olmaqla yanaşı, yerli yeniyetmə və gənclərin güləşə marağının artırılması məqsədilə atılıb.
Bu gün AGF tərəfindən güləş zalıyla tanışlıq həyata keçirilib. İkiqat olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionu, AGF-nin sərbəst güləş üzrə koordinatoru Hacı Əliyev güləş mərkəzinə baş çəkib, yeniyetmə güləşçilərlə görüşüb və onlara tövsiyələrini çatdırıb. Açılış mərasimində Qarabağ Regional Gənclər və İdman İdarəsinin Füzuli rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Ramiz Quliyev AGF-yə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Çıxış edənlər gələcəkdə bu güləş mərkəzində də nüfuzlu yarışların qalib və mükafatçılarının yetişməsini arzulayıblar. Qeyd edilib ki, Azərbaycan güləşinin rəmzlərindən biri sayılan Hacı Əliyevin bu səfəri həmin bölgənin güləşçiləri üçün böyük motivasiya rolunu oynayır. Burada təcrübəli məşqçi Vüsal Eminovun rəhbərliyi altında 70 yeniyetmənin sərbəst güləşlə məşğul olduğunu da nəzərinizə çatdıraq.
Azərbaycan Güləş Federasiyası gələcəkdə də regionlarda bu kimi təşəbbüsləri davam etdirməyi və güləşin ölkənin bütün bölgələrində kütləviləşdirilməsini qarşıya məqsəd qoyub.