Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı davam edir.


Rekord.az xəbər verir ki, yarışın 5-cü günündə yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kq-da yer alan pəhləvanlarımız mübarizəyə start verib.


Fərid Sadıxlı (55 kq) çexiyalı Filip Bartoşikə tam üstünlüklə (9:0), rumıniyalı Denis Florin Mihaya 5:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Təmsilçimiz həlledici görüşdə gürcüstanlı Koba Karumidzeni isə sonuncu xal prinsipinə əsasən üstələyib – 3:3. Fərid sabah finalda rusiyalı Alibek Amirovla qarşılaşacaq.


İlkin Qurbanov (63 kq) türkiyəli Enes Ülkünü (6:4) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda moldovalı Vitali Yeryomenkoya (1:5) məğlub olub. Rəqib finala yüksəldiyi üçün güləşçimiz təsəlliverici görüşə çıxacaq. Rəqib fransalı Lukas Qrasso olacaq.


Rəvan Nuriyev (77 kq) ilk mərhələdə belaruslu Kiril Valevskiyə (1:4), Səid Axundzadə (87 kq) 1/8 finalda rumıniyalı Patrik Qordana (5:9), Ayxan Mərdanov (130 kq) isə təsnifat mərhələsində yunanıstanlı Axiles Xrisidisə (0:3) uduzub.