20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Qəbələdə təlim-məşq toplanışı davam edir.


Rekord.az xəbər verir ki, hazırlıq prosesi Qəbələ şəhər stadionunda təşkil olunur.


Oyunçular portuqaliyalı baş məşqçi Ruy Jorjenin rəhbərliyi ilə müxtəlif təmrinləri yerinə yetirirlər.


Ruy Jorje hazırlıqla bağlı jurnalistlərə açıqlama verib. Portuqaliyalı mütəxəssis təlim-məşq toplanışının yaxşı keçdiyini söyləyib:


"Keyfiyyətli məşqlər edirik. Oyunçulardan istədiklərimizi ala bilirik. Bu hazırlıq prosesindən çox razıyıq. Onlar çox istəklidirlər"


Baş məşqçi toplanışda yoxlama oyunu keçirməmələrinin səbəbini açıqlayıb:


"Oyunçuları daha yaxından tanımaq, məşq prinsiplərimizə bələd olmaqlarını istədim. Yoldaşlıq oyunlarından əvvəl haradan başlayacağımızı bilməliyik. İlkin təəssüratlarım yaxşıdır. Futbolçuların yanaşmalarından razıyam. Çox istəklidirlər, bu da bizim oyun fəlsəfəmizə uyğundur. Öyrənmək istəyirlər".


R.Jorje ikinci toplanışda yoldaşlıq oyunu olacağını sözlərinə əlavə edib:


"Çox güman ki, xarici komanda ilə oynayacağıq. Elə komanda yaradacağıq ki, hər bir azərbaycanlı fəxr edəcək. Dünya çempionatına təşkilatçı ölkə kimi qatılırıq. Digər komandalarla fərqimizin olduğunu bilirik. Bunun üçün hər gün istəklə çalışacağıq ki, fərqi azaldaq".


Xatırladaq ki, U-20 aprelin 26-dək Qəbələdə təlim-məşq toplanışında olacaq. Komanda 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında iştirak edəcək.