
Dünya çempionatında 2 qızıl və 1 bürünc medal
- 25 Sen 2025 23:51
- 32
Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U17 dünya çempionatı keçirilib.
Rekord.az xəbər verir ki, 26 ölkədən 170 idmançının qatıldığı mötəbər yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında ölkəmizi 10 güləşçi təmsil edib.
Onlardan 6-sı qrup mərhələsini uğurla adlayaraq 1/4 finala yüksəlib. Güləşçilərimizdən 4-ü yarımfinala adını yazdırıb.
Ülviyyə Musayeva (55 kq) yarımfinalda Polşa, finalda isə Yaponiya güləşçisinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da o çimərlik güləşində qızlar arasında ilk dünya çempionumuz kimi adını tarixə yazdırıb.
Nihad Süleymanlı (80 kq) da eyni uğura imza atıb. Yarımfinalda İran, finalda isə Gürcüstan güləşçisinə heç bir şans tanımayan həmyerlimiz qızıl medalı boynundan asıb.
Finalın bir addımlığında iranlı rəqibinə məğlub olan Elgün Kərimli (90 kq) moldovalı həmkarı üzərində 5:0 hesablı qələbə qazanaraq dünya üçüncüsü olub.
Rəşad Əliyev (70 kq) də medal qazanmağa yaxın olub. Ancaq milli üzvü yarımfinalda İran, bürünc medal görüşündə isə Gürcüstan güləşçisinə məğlub olaraq 4-cü yerlə kifayətlənib.
Beləliklə, güləşçilərimiz mundialda 2 qızıl və 1 bürünc medal qazanıb. Oğlanlardan ibarət komandamız 62 xal toplayaraq dünya üçüncüsü olub. Cəmi 2 qızdan ibarət heyətimiz isə 25 xalla Moldova və Puerto-Rikoyla 4-6-cı yerləri bölüşüb.
Qeyd edək ki, DÇ-də I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.