“Çox diqqətli, əzmkar olmalıyıq” - Qurban Qurbanov
- 24 Noy 2025 23:20
- 34
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunun “Napoli” – “Qarabağ” matçından əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib.
Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis sabah baş tutacaq görüş barədə fikirlərini bildirib:
“Çox gözəl bir şəhərdəyik. Bizi çox böyük tarixə malik klubla oyun gözləyir. Böyük bir məşqçinin komandası ilə qarşılaşacağıq. Vacib bir oyundur. Bilirik ki, “Napoli” turnir cədvəlindəki yerini daha da yaxşılaşdırmaq istəyəcək. Ona görə çox ciddi hazırlaşırlar. Antonio Kontenin heç bir oyunda diqqətsiz olduğunu görməmişəm. Onu yaxından tanıyıram. Pis hazırlaşmamışıq. Çox istərdik ki, sonadək öz oyun nizam-intizamını qoruyub saxlayaq və yaxşı dinamik futbol oynayaq. Klubda uzun illər gördüyümüz işlər, missiyamız ildən-ilə irəli getməkdir. Bu turnirdə bacardığımız qədər iştirak etmək istəyirik. Bu mərhələyə düşmüşüksə, oyunumuzdan, cəsarətimizdən, mübarizəmizdən zövq almaq istəyirik. Oyunlara belə məsuliyyətlə yanaşırıqsa, nəticə də əldə etmək olar. Bugünkü nəticələrə baxdıqca, həm sevinirik, həm özümüzə inam artır. Sabah meydanda çox diqqətli, əzmkar olmalıyıq. Azarkeşlər üçün cəsarətli oyun göstərməliyik”.
"Napoli" - "Qarabağ" matçı noyabrın 25-də "Stadio Diego Armando Maradona" stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.