Pandemiya səbəbindən bu ilə təxirə salınan AÇ-2020-nin final mərhələsinin oyunları srart götürüb. Nəzərinizə çatdıraq ki, Bakı da 4 qarşılaşmaya evsahibliyi edəcək. Artıq iyunun 12-də Bakı Olimpiya Stadionunda (BOS) İsveçrə - Uels görüşü baş tutub ki, matçı 10 mindən artıq azarkeş izləyib.

Maraqlı qarşılaşmanı izləyənlər arasında ölkə başçısı İlham Əliyevlə 1-ci vitse-prezident Mehriban Əliyeva da var idi. Təşkilatçılıq baxımından hər şey qaydasındaydı. İsveçrə - Uels matçı ilə həm Azərbaycan hökuməti, həm də AFFA göstərdi ki, ölkəmiz belə turnirləri təkbaşına belə keçirməyə hazırdı. Amma bu böyük futbol bayramına kölgə salan iki xırda məqam var idi. Bu yazıda həmin problemləri diqqətinizə çatdıracağıq.

Təhlükləsizlik baxımından stadiona bağlı plastik, şüşə və dəmir qabda olan maye buraxılmırdı. Stadiona girişə nəzarət edən şəxslər suların içilməsini və ya qapaqların açılmasını tələb edirdilər. Bir daha qeyd edək ki, bu təhlükəsizlik baxımından vacib tədbirdi. Olimpiya stadionunun fərqli nöqtələrində qida məhsullarının satışı üçün kiçik stendlər qurulmuşdu. Azarkeşlər ehtiyac duyacaqları təqdirdə ordan istədiklərini əldə edə bilərdilər. Hətta oyun zamanı səyyar satıcılar da tribunalarda əyləşənlərə xidmət edirdilər. Bura kimi hər şey gözəl idi. Avropadakı arenaların birində matç izləyirmiş kimi hiss edirdi adam özünü. Amma bura Azərbaycandısa, mütləq problem çıxmalıdı. Nə idi məsələ? Qiymətlər kəllə-çarxa çıxmışdı. Təsəvvür edin, günün istisində futbol izləyirsən, susuzluqdan ölməmək üçün nəsə almaq istəyəndə öyrənirsən ki, adi suyun qiyməti 3 manatdı. 0,5 litrlik “Coca-Cola”nın dəyəri isə 5 manat idi. Satıcıdan soruşanda ki, niyə belədi? Deyir şirkət elə qiymət qoyub.

Düzdü, belə turnirlər iqtisadi cəhətdən inkişaf etməyə və xeyir götürməyə hesablanıb. Amma belə işlərlə ölkə gözdən salınır. Onsuz da Bakıya təşrif buyuran əcnəbi də bilir ki, bu suyun, “Coca-Cola”nın maksimum dəyəri 1 avro, bizim pulla 2 manatdı. Adi mağaza, köşklərdə 60-70 qəpiyə satılan məhsul niyə stadionda 5 manata olmalıdı? Bunu kimsə tənzimləyir?

Suallarımızı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya ünvanladıq. Qurum rəsmisi satışla bağlı məsuliyyətin onlara aid olmadığını dilə gətirdi:


 

“Coca-Cola” şirkəti ilə UEFA arasında rəsmi müqavilə bağlanıb. Bu səbəbdən də tribunalarda və stadion ərazisində həmin şirkətlərin məhsulları satılır. Burdakı qiymətlər də şirkət tərəfindən tənzimlənir. Burda AFFA-ya aid heç nə yoxdu. Assosiasiya qiymət tənzimləməsinə heç cür qarışa bilmir. Amma bir şey deyə bilərəm ki, dünyanın başqa ölkələrində də stadionlarda satılan məhsullar mağazalardakından 2-3 dəfə baha olur. Yəqin ki, onlar da buna əsaslanaraq belə qiymət qoyublar. Bir daha qeyd edim ki, AFFA-nın stadionun ərazisində satılan məhsulların qiymətinin tənzimlənməsinə müdaxilə etmək ixtiyarı yoxdu”.



Assosiasiya rəsmisi bildirir ki, problem bizdən asılı deyil. Şirkət UEFA ilə müqavilə bağlayıb və buna uyğun da satış təşkil edir. Bəs iqtisadi cəhəddən bu addım düzgündü? Hansısa şirkətin mağazada 60 qəpiyə olan məhsulu oyun zamanı 5 manata satması etikdimi? Bunun qarşısını almaq olarmı? Suallarımızı iqtisadi-ekspert Natiq Cəfərliyə ünvanladıq. REAL partiyasının üzvü məsələni belə izah etdi:
 

“Azərbaycanda futbol üzrə Avropa çempionatının oyunlarının keçirilməsi əslində həm idman ictimaiyyəti, həm də ölkəmizin iqtisadiyyatı üçün kifayət qədər pozitiv addımdı. Əvvəlki idman yarışlarından fərqli bu turnirin xərci azdı. Çünki hazır infrastruktur var. Bu yarışda ölkə daha çox gəlir əldə edir. Çünki bu idman növünə maraq yetərincə böyükdü. Dünyada 3 milyard futbol izləyicisi, tamaşaçı var. Bu səbəbdən də bu yarışın Bakıda keçirilməsi doğru və pozitiv addımdı. Azərbaycanın bu məsələdə namizədliyini irəli sürməsi təqdirəlayiq iş idi. İndi də gələk stadionda satılan məhsullara. Təbii ki, bəzi bəlli qaydalar ola bilərdi. Məsələn, təhlükəsizliklə bağlı şüşə və dəmirdən hazırlanan qablarda olan su məhlullarının stadiona keçirilməsinə qadağa qoyula bilərdi. Bu məsələ öncədən elan edilməliydi. Amma plasmas qablarda olan və stadionda satılan məhsulların arenaya buraxılmaması tam qeyri-qanunidi. Bu, insanların hüquqlarının birbaşa pozulmasıdı. Hansı qanuna əsasən bunu qadağan ediblər? Burda problem yalnız təhlükəsizlik məsələsidi. Yenə deyirəm, bunu ancaq şüşə və dəmir qablarda olan məhlullar üçün edə bilərdilər. Qiymət məsələsinə gəlincə, burda bir önəmli məqam var. Hansısa qiyməti yetərincə yüksək olan məhsullar İsveçrə - Uels matçında satıldı. İndi həmin şirkətlər bununla bağlı açıqlama verməlidilər. Açıq və şəffaf şəkildə gəlir vergilərini bəyan etməlidilər. Dəyəri 50-60 qəpik olan suyun dəfələrlə baha satılması müşahidə olunursa, deməli, gəlir də artıq olur. İndi zəhmət çəksinlər, ictimaiyyətə açıqlama versinlər. Çünki məhsulu maya dəyərindən dəfələrlə baha qiymətə insanlara satıblar. İndi ictimaiyyəti məlumatlandırslnlar ki, həmin gəlirin nə qədər vergisi büdcəyə ödənilib? Həmin satışlardan əldə olunan xeyir nə qədərdi? Bunun vergi tərkibi nə qədərdi? Büdcəyə burdan daxil olmaların həcmi nə qədər olub? Belə yanaşma olsa, bu zaman biz anlayardıq ki, azarkeş kimi əlavə ödədiyimiz pul heç olmasa, dövlət büdcəsinə daxil olub. Bu da yoxdu axı. Belə bir şəffaflıq da olmayıb. Bu səbəbdən də belə idman yarışlarında hansısa səyyar satış həyata keçirilirsə, rəqabətli mühit də yaradılmalı idi. Başqa şirkətlər də öncədən müraciət etməliydilər. Sadəcə, bir şirkətin yox, başqalarının da stendləri stadionda quraşdırılmalıydı. Bu zaman qiymətlər tənzimlənə bilərdi. Onda rəqabət nəticəsində kimsə adi suyu 5 manata sata bilməzdi. İndiki halda isə bu, etik və doğru addım deyil”.



Məsələ ilə bağlı “Cola-Cola” şirkətinin nümayəndəliyi ilə əlaqə saxlamaq istədik. Lakin Azərbaycan nümayəndəliyinin əlaqə vasitələrini əldə edə bilmədik. Şirkətin rəsmi saytında bu haqda heç bir informasiya yox idi. İstənilən halda, “Coca-Cola”nın qiymətlərlə bağlı addımına ad vermək mümkün deyil. Onsuz da minimum qiymət olaraq biletə 60 manat pul verən azarkeşlərə “Coca-Cola”nın 5 manata satılması insafsızlıqdı. Hələ mağazalarda əsl dəyəri 60 qəpiyə olan məhsul üçün bunu etmək əsl biabırçılıqdı.

Digər problemli məsələ isə oyun bitəndən sonra təhlükəsizlik xidməti əməkdaşlarının həm turistləri, həm də yerli azarkeşləri stadion ətrafından tez çıxarmağa çalışmaları idi. Hansı ki, fanatlar BOS-un ətrafında şəkil çəkdirirdilər, müxtəlif yollarla əylənməyə, sevinclərini könüllülərlə bölüşməyə çalışırdılar. Təhlükəsizlik xidmətinin nümayəndələrindən bunun səbəbini soruşanda rəhbərliyin belə qərar verdiyini dilə gətirdilər. Bununla bağlı müraciət etdiyimiz Firuz Abdullanın fikirləri belə oldu: “Əvvəlcə onu bildirim ki, biz təhlükəsizlik orqanlarının işinə müdaxilə edə bilmirik. Lakin oyundan sonra stadion ətrafında basırıq olmaması, hadisələrin baş verməməsi üçün onlar belə addım atıblar. Heç kimə kobud davranılmayıb, hər kəsə mülayim şəkildə stadion ərazisini tez tərk etmələri ilə bağlı məlumat verilib. Bir daha qeyd edim ki, bu, basırığın və tıxacın olmaması üçün atılan addım idi”.
Bunu başa düşdük. Doğrudan da, təhlükəsizlik xidmətinin əməkdaşları arenanın ətrafında olan insanlarla nə kobud davranırdılar, nə də aqressiv idilər. Sadəcə, həm turistləri, həm də yerli azarkeşləri stadionu tərk etmələri üçün tələsdirirdilər. ("Futbol plus")