Milli ümidləri doğurultmadı. Ukrayna və Fransa ilə oyunlarda uduzsaq da, daha əzmkar, döyüşkən oynamışdıq. Bu mənada şəxsən mən İslandiya ilə oyundan ən azı 1 xal gözləyirdim. Amma olmadı. Başa düşürəm, İslandiya hazırda yaxşı formadadır, Fransa kimi komandadan xal alıblar, amma istənilən halda, evdə bu cür oynamamalı idik.

Start heyətini görəndə düşündüm ki, qolu kim vuracaq? Qol gözlədiyim heç kim yox idi. Həqiqətən çox pis perioddayıq. Ölkədə normal futbolçu yoxdur. Elvin və Mahirin yoxluğu onsuz da kasad olan heyəti daha da kasadlaşdırmışdı. İlk hissədə aşkar sistemsizlik idi. Kim nə oynayr, necə oynayır, nə etmək istəyir, heç nə bilinmirdi. Xaotik bir durum idi. Hər kəs sanki özü üçün oynayırdı. Xəyal istedadlı futbolçudur, amma komanda üçün oynamırdı. Topu götürüb girir 3-4 nəfərin arasına orda qalırdı, topu da itirirdi. Nəriman heç cürə rəqibin müdafiəsini gərginlikdə saxlaya bilmədi. "Qarabağ"da tamam başqa futbol oynayan Toralla Bəhlul "palaza bürün, elnən sürün" prinsipini seçmişdilər. Ortada yaradıcı futbolçumuz yoxdur. Emin fiziki cəhətdən çatdırmır, Xaybullayev dağıdıcılıq üçün yaxşıdı. Seçilən taktika da uğurlu deyildi. Rəqibin "ikinci mərtəbə"də üstün olduğunu bilə-bilə matçın 70-80 faizini hava topları ilə oynadıq. Uzun hava ötürmələri ilə nəyə nail olmaq istəyirdik, bilinmədi. O fikirlərə mən də qatılıram ki, ilk dəqiqələrdən hücum oynamalı idik. Nədənsə arxadan daha ehtiyatlı oynayıb, əks-hücum taktikası seçdik. Belə olunca, rəqib "bir nömrə" ilə oynamağa başladı ki, bunun da yekunu olaraq hesabı açdı.


Bir də start heyəti ilə bağlı razılaşmadığım məqamlar var. Təbii ki, Ayxan Abbasov komandanın baş məşqçisidir, hörmətim var, dəstəkləyirəm. Amma Abbas Hüseynovun start heyətində oynaması mənə qaranlıq qaldı. Adam cari mövsümün 11 turu ərzində cəmi iki oyunda meydançaya çıxıb, onun da birini əvəzləmədən. 4-cü turdan da bu yana 1 dəqiqə də olsun oynamayıb. Məntiqlə o, nəinki start heyətində olmamalı, ümumiyyətlə, milliyə çağırılmamalı idi. Çünki millidə formada olanlar, ən yaxşılar və ən güclülər oynamalıdır. Klubunda daha çox oynamaq şansı qazanan Qismət Alyevlə, Rəhman Daşdəmirovun ehtiyatda oturduğu halda Abbasın əsas heyətdə oynaması mənə görə ədalətli deyildi.


Rüfət Abbasov "Şamaxı"da pis təsir bağışlamır, amma milli "Şamaxı" deyil. Düşünürəm ki, Rüfət hələ ki, millidə start heyətində oynayacaq səviyyəyə yüksəlməyib.
Cari mövsümün ən yaxşı formada olan futbolçularından biri Rüstəm Əhmədzadənin ehtiyatda qalması da mübahisəli idi. Məncə, Rüstəm bu gün əsas heyətdə oynamalı idi.
Rüfət Abdullazadə də həmçinin. Adam Xorvatiya çempionatında çıxış edir, son oyunlarda da oynamaq şansı qazanır. Yəni ölkədən kənarda oynayan iki futbolçumuzdan biridir. Amma milliyə ya çağırılmır, ya da az şans qazanır.


Qarşıda Fransa ilə daha ağır oyun var. Yenə də ümid etməliyik. Onsuz yegsanə silahımız ümiddi. Toparlanıb sensassiya üçün meydançaya çıxmalıyıq. Yəqin ki, Ayxan Abbasov heyətdə müəyyən dəyişiklik edəcək. Amma bu oyunda ilk növbədə motivasiya önəmlidir. Oyun da "Tofiq Bəhramov"da, daha çox azarkeşin gözü önündə olacaq. İslandiya ilə zəif oyunun bəraətini Fransa ilə oyunda qazanmaq olar.


Anar XANLAROV