“Sabah” Misli Premyer Liqasının 12-ci turunda bu gün “Şamaxı”nı qəbul edib.


Rekord.az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan matçdan sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis çox çətin oyun keçdiyini bildirib:


“Milli komandalarla bağlı yaranmış fasilə bizim oyun ritmimizə böyük təsir göstərdi. Çox çətin oyun keçdi. Rəqibin maraqlı oyun planı var idi. Yaxşı müdafiə olunurdular. Amma mənə öz komandamın çıxışı maraqlıdır. Düşünürəm ki, 0:0 hesabını hardasa ədalətli saymaq olar. Sabahdan məşqlərimizi davam etdirəcəyik. Bizim kimi iddialı komandanın qapıya 6 zərbə endirməsi ürəkaçan deyil.


Biz çalışırıq ku, hər oyun hücum futbolu sərgiləyək. Amma rəqiblər də fərqli olur. Onlar da bizi analiz edirlər. Hətta top- komandaların çıxışında da belə hesablar qeydə alınır. Bu gün üçüncü zonaya ötürmələrimiz yaxşı alınmadı. Bizim ən böyük problemimiz hücumun üçüncü fazasında idi.


Rəqibin də haqqını vermək lazımdır. Oyunboyu tempi salmağa çalışırdılar. Və bunu da çox yaxşı bacarırdılar”.