Baş məşqçilər İslamiadaya hazırlığı qiymətləndirdi
- 14:00
- 30
Güləş üzrə milli komandalarımız sabah İslamiadada iştirak etmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada yollanacaq.
Rekord.az xəbər verir ki, səfər ərəfəsində yığmaların baş məşqçiləri ilin son mötəbər yarışına hazırlığı dəyərləndirib.
Xetaq Qazyumov, sərbəst güləş üzrə baş məşqçi:
“Hazırlıq plan üzrə gedir. Dünya çempionatından sonra 2 təlim-məşq toplanışı keçdik. Fiziki hazırlıq və gücə dayalı toplanışın ardınca taktiki-texniki çalışmalara üstünlük verdik. Yoxlama görüşləri keçirdik. Milli üzvlərinin hazırlıq səviyyəsini nəzərdən keçirdik. Allaha şükürlər olsun ki, zədəli güləşçilərimiz yoxdur. Ümid edirik ki, azarkeşlərin etimadını doğruldacağıq. Təbii ki, idmançı ilboyu pik səviyyədə ola bilməz. Ancaq İslam Oyunları böyük yarışdır. Bu baxımdan xüsusi motivasiyaya ehtiyac yoxdur. İdmançılar dincəlib və bərpa prosesi keçib. Eşitdiyimə görə, orada indi çox istidir. Deməli, biz həm də hava şəraitiylə də mübarizə aparmalıyıq. Sözsüz ki, əsas rəqib İran güləşçiləridir. Legionerlərdən təşkil edilmiş Bəhreyn və Albaniya komandalarını, həmçinin Türkiyə millisini də ciddi rəqib görürük. Rəqibləri fərdi qaydada təhlil edirik. Ümid edirik ki, hər şey yaxşı olacaq”.
Aleksandr Tarakanov, yunan-Roma güləşi üzrə baş məşqçi:
“Dünya çempionatından sonra komandaya istirahət verildi. Bu müddət ərzində zədəsi olanlar bərpa prosesi keçdilər. Daha sonra ümumi fiziki hazırlıq prosesi baş tutdu. Noyabrın 1-də isə iki həftəlik taktiki-texniki çalışmalara başladıq. Milli üzvləri ilboyu təlim-məşq proseslərində iştirak etdikləri üçün hazırlıq səviyyəsi ilə bağlı problem yoxdur. Düzdür, ilin sonu olduğu üçün yorğunluq var. Ona görə də artıq yüngül və qısamüddətli məşqlərə keçmişik ki, yüklənmə olmasın. Bu yarışda əsas rəqibimiz İran olacaq. Onlar əsas heyətlə iştirak edəcəklər. Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkiyə güləşçilərini də bu siyahıya əlavə etmək olar. Fikrimcə, İslamiadada bizi ciddi rəqabət gözləyir. Sözsüz ki, bütün rəqibləri keçirdikləri görüşlərin görüntülərinə baxaraq təhlil edirik. Səhvlərin üzərində işləyirik. Əlbəttə, rəqiblər də bizi təhlil edir və bizə qarşı xüsusi köklənirlər. Ona görə də maksimum hazırlıqlı olmalıyıq”.
Toğrul Əsgərov, qadın güləşi üzrə baş məşqçi əvəzi:
“İslam Oyunlarına hazırlığı başa vururuq. Əvvəlcə fiziki, daha sonra isə taktiki-texniki hazırlıq üzrə məşqlər keçdik. Toplanış Göygöldə baş tutdu. Hədəfimiz ən azı 1 dəst medal qazanmaqdır. Bütün güləşçilərimizin medala sahib çıxmasını arzulayıram. İdman sürprizlərlə doludur. Hər şey ola bilər. Favorit sayılmayan idmançı çempion ola və ya iddialı güləşçi medalsız qala bilər. Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan komandalar əsas rəqiblərdir. Nigeriya da bir neçə çəkidə yaxşı güləşçilərə sahibdir. Məşqçilər heyəti olaraq milli üzvlərinin maksimal hazırlıq səviyyəsinə çatmaları üçün əlimizdən gələni etmişik”.
Xatırladaq ki, İslam Oyunlarında güləş yarışları noyabrın 18-dən 21-dək keçiriləcək. İslamiadada I dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyacaq.