Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı sona yaxınlaşır.


Rekord.az xəbər verir ki, beşinci yarış günündə sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da mübarizəyə start verilib.


Nürəddin Novruzov (61 kq) ilk görüşdə moldovalı Leomid Kolesniklə üz-üzə gəlib. İlk dəqiqədə 0:6 hesabıyla geri düşən həmyerlimiz möhtəşəm geridönüş edərək vaxtından əvvəl qələbəni təmin edib – 17:6. Novruzov yarımfinalda albaniyalı dünya çempionu Zəlimxan Abakarovla bacarmayıb – 3:14. Nürəddin sabah bürünc medal görüşünə çıxacaq. Rəqib Simyone Piroddu (İtaliya) – Niklas Steşele (Almaniya) qarşılaşmasının qalibi olacaq.


Turan Bayramov (74 kq) startda çətinliklə də olsa, neytral atlet statusuyla Avropa çempionatına qatılan Fərhad Nurixorjestana minimal fərqlə (3:2) qalib gəlib. Güləşçimiz 1/4 finalda belaruslu Nikita Mayevskiyə heç bir şans tanımayıb – 8:0. Yarımfinalda gürcüstanlı Giorgi Elbakidzeni (2:1) üstələyən Bayramov finala yüksəlib. Turan sabah həlledici görüşdə slovakiyalı Taymuraz Salkazanov qarşılaşacaq.


Arseniy Djioyev (86 kq) əvvəlcə ukraynalı Denis Bikova (10:0), daha sonra moldovalı Yevgeni Mihaelkana (11:0) tam üstünlüklə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə isə latviyalı İvars Samusonok vaxtından əvvəl xalçanı məyus tərk edib – 12:2. Arseniy sabah finalda rusiyalı İbrahim Kadiyevlə üz-üzə gələcək.


Ali Tsokayev (92 kq) belaruslu Yaraslav Yadkovskiyə tam üstünlüklə (10:0) qalib gəldikdən sonra gürcüstanlı dünya və Avropa mükafatçısı Miriani Maysuradzeyə gücünü göstərib – 5:0. Tsokayev yarımfinalda isə isveçrəli Samuel Şerrerə gücünü göstərib – 6:0. Ali finalda bolqarıstanlı Ahmed Batayevlə güləşəcək.


Giorgi Meşvildişvili (125 kq) yarışa 1/4 finaldan qoşulub. Təmsilçimiz ermənistanlı Xaçatur Xaçatryanla görüşdə son saniyələrdə uğurlu fənd işlədib və sonuncu xal prinsipinə əsasən (5:5) adını yarımfinala yazdırıb. Türkiyəli Hakan Büyükçınqılı 3:1 hesabıyla üstələyən millinin ən təcrübəli üzvü finalda macarıstanlı Vladislav Baytsayevlə güləşəcək.