Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Pərvin Piriyev və federasiyanın vitse-prezidenti Namiq Abdullayev regionlarda güləşin inkişafı istiqamətində görülən işlər çərçivəsində Lənkəran və Astara rayonlarına səfər ediblər.


Rekord.az xəbər verir ki, səfər zamanı Lənkəranda və Astarada güləş zallarına baxış keçirilib, zalların maddi-texniki bazası və məşq prosesi ilə yaxından tanış olunub. Federasiya rəsmiləri məşqçilərlə mövcud problemlər və gələcək planlarla bağlı fikir mübadiləsi aparıblar.


Görüşlərdə idmançıların hazırlıq şəraitinin daha da yaxşılaşdırılması, güləş zallarının zəruri inventarla, o cümlədən güləş xalçalarıyla təmin olunması, yeni məşq məkanlarının yaradılması, eləcə də regionlarda güləşin inkişafına dəstək göstərə biləcək sponsorların cəlb edilməsi məsələləri geniş müzakirə olunub. Məşqçilər tərəfindən səsləndirilən təklif və təşəbbüslər diqqətlə dinlənilib, mövcud ehtiyacların mərhələli şəkildə həlli istiqamətində fikir mübadiləsi aparılıb.


AGF bölgələrdə güləşin inkişafı, idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsi və məşq prosesinin keyfiyyətinin artırılması məqsədilə regionlarda infrastruktur layihələrinin icrasına davam edəcək.