Bazar günü Kamerunun Duala şəhərindəki otelin bir neçə addımlığında üç əlcəzairli idman jurnalisti hücuma məruz qalıb. 

Rekord.az "DZFoot"un "Twitter" hesabına istinadən xəbər verir ki, üç əlcəzairli idman jurnalistinə qarətçilər tərəfindən hücum edilib. 
Hərçənd, açıqlamada bir qrup naməlum şəxsin "heç bir səbəb olmadan" jurnalistlərə hücum etməsindən və onlara bıçaq zərbələri endirilməsindən bəhs olunur.

Afrika Millətlər Kubokunu işıqlandırmaq üçün ezam olunan həmkarlarımızın həyati təhlükəsinin olmadığı, ancaq onlara məxsus üç mobil telefon, çanta və pasportların itdiyi bildirilir. Vurğulanıb ki, dərhal polisə zəng edilməsinə baxmayaraq, asayiş keşikçilərinin hadisə yerinə gəlməsi bir saatdan çox çəkib.

Əlcəzair Futbol Federasiyası dərhal öz vətəndaşlarına dəstək verib. "Əlcəzair Futbol Federasiyası, prezident Amara Şaraf-Eddine vasitəsilə Kamerunun Duala şəhərində üç əlcəzairli jurnalistə qarşı qorxaqcasına təcavüzü qətiyyətlə pisləyir", qurumun bəyanatında yazılıb.

Yüngül yaralanan üç jurnalistdən biri ehtiyat tədbiri olaraq, xəstəxanaya yerləşdirilib. AMK-nın təşkilatçıları hələlik hadisəyə reaksiya verməyib.