AÇ-nin son günündə 2 qızıl, 2 gümüş medal
- 26 Apr 2026 23:00
- 29
Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı başa çatıb.
Rekord.az xəbər verir ki, yarışın sonuncu günündə sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da medalçılar müəyyənləşib.
Nürəddin Novruzov (61 kq) üçüncülük mübarizəsində italiyalı Simyone Pirodduya “tuş”la məğlub olub və yarışı 5-ci pillədə tamamlayıb.
Turan Bayramov (74 kq) həlledici görüşdə slovakiyalı Taymuraz Salkazanova 2:4 fərqlə uduzub və gümüş medalı boynundan asıb.
Arseniy Djioyev (86 kq) isə finalda rusiyalı İbrahim Kadiyevə minimal fərqlə məğlub olub (1:2) və gümüş medala sahib çıxıb.
Ali Tsokayev (92 kq) finalda bolqarıstanlı Ahmed Batayevə 5:3 hesabıyla qalib gələrək ilk dəfə qatıldığı Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Çempionatın son görüşü Giorgi Meşvildişvili (125 kq) və Vladislav Baytsayev arasında baş tutub. Macarıstan güləşçisinə heç bir şans tanımayan (8:0) təmsilçimiz titulunu qoruyaraq, 2-ci dəfə Avropanın ən güclüsü olub.
Beləliklə, sərbəst güləş üzrə yığmamız çempionatı 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub.