Premyer Liqada 29-cu tur geridə qaldı. Öyrəndik ki...


- çempionat yavaş-yavaş "sönməyə" başlayır. Təbii ki, cavabını tapmayan suallar var, komandalar hədəfləri uğrunda mübarizəni davam etdirirlər. Ancaq sanki ümumi ab-hava dağınıqdır. Qubadakı matçda tribunada 60, "Palms Sports"dakında isə 9 500 nəfərin olması kimi. 


- nə olursa-olsun, Azərbaycan derbisi "stoyka"sını qoruyur. Təbii azarkeş marağı olanda, böyük camiələr, köklü klublar, yaxşı komandaların üz-üzə gəldiyi qarşılaşma olanda hər şey möhtəşəm olur. Bunun üzərinə də yaxşı hakimliyi gəlsək, türklər demiş, "tadından yenməz". Meydandakı futbol da göz oxşayırdı. Düzdür, oyun qonaqların diqtəsi altında keçdi. Amma "Neftçi" də döyüşdü, mübarizə apardı. Nə qədər mümkündürsə, o qədər. Ancaq tək mübarizə, əzm, döyüşkənliklə iki ay əvvəl ÇL-də pley-off oynamış komandanı yenmək olmaz. Nə qədər enişdə olsa da, "Qarabağ" hələ də "Qarabağ"dır. Xüsusilə də derbidə həmişə hazır və güclü olan "Qarabağ". Tablodakı nəticə bunu bir daha sübut etdi.


- avrokubok zonası və elitada qalmaq uğrunda mübarizə aktuallığını qoruyur. Tovuz təmsilçisi üçün bu məsələnin sadəcə rəsmiləşməyi qalıbsa, "Zirə", "Neftçi" və hələ də "Araz" bu suala aydınlıq gətirmək üçün yəqin ki mövsümün sonunu gözləyəcək. Cədvəlin sonunda da gərginlik qalıb. Xüsusilə "Kəpəz"dəki vəziyyət anlaşılmazdır. Hər cür fikir, versiya, iddia var, amma real səbəbləri heç kəs bilmir. Bir şey dəqiqdir ki, komandanın uğurunu istəməyən qüvvələr var və müxtəlif yollarla - sifarişli yazılar yazdırmaqla, bəzi azarkeşləri ab-havanı pozmağa yönəltməklə istəklərinə nail olmağa çalışırlar. Təbii ki, işin futbol tərəfi də var və kollektiv nəinki yaxşı, heç kafi də oynamır. Buna cavabdeh şəxs ilk növbədə baş məşqçidir. Onu da qarşıda çətin günlər gözləyir. İzləyək, görək, nə olur.


- "Sumqayıt"ı turnir cədvəlinin ortasında görəndə fikrim qarışır. Ardıcıl 4 autsayderlə matçlarda 2 yox, heç olmasa, 8-10 xal toplasaydı (ki, belə də olmalı idi), indi komanda avrokubok zonasında yerləşmişdi, uğur qazanmağa da ən real namizəd idi. Bu yekəlikdə şansı necə qaçırmaq olardı, hələ də başa düşə bilmirəm.


- Yaz fəsli ilə əlaqəsi olan varsa, zəng eləsin desin ki, "ay müəllim, gecikirsən e, dur gəl də tay". İnsafın olsun, külək, soyuq yordu camaatı.