14 saylı məktəb Sumqayıtın sayılıb-seçilən məktəblərindən hesab olunur. Elə bu məktəbin stadionu da çox məşhurdu. 4 mk-da yerləşən bu stadionda zaman-zaman mküxtəlif futbol yarışları keçirilib: məktəblər arası, məhəllələr arası çempionatlar və s. Bundan başqa 4 mk-da yeganə idman təyinatlı məkan olduğundan gənclər və yeniyetmələr də asudə vaxtlarını burada qaçmaqla, futbol oynamaqla və idmanla məşğul olmaqla keçirirdilər.

Rekord.az xəbər verir ki, bu yaxınlarda stadiona ağır texnika gətirilib və qazıntı işlərinə başlanılıb.

Yerli sakinlərdən aldığımız məlumata görə, kimlikləri məlum olmayan bu şəxslər stadionun yerində naməlum obyektin tikiləcəyini bildirib. Bəzi məlumatlara görə, həmin naməlum obyekt hündürmərtəbəli binalar olacaq. Digər bir məlumatda isə məktəb üçün yeni korpusun tikiləcəyi deyilir. İstənilən halda, bir məktəb stadionunun, sağlamlıq məkanının məhv edilməsi idman adına, futbol adına cinayətdir. Bu cinayətin isə təcili durdurulması lazımdır. Ölkədə idmana bu dərəcədə dövlət qayğısının olduğu, yeni-yeni olimpiya idman komplekslərininm tikildiyi bir vaxtda hansısa məktəb stadionunun məhv edilməsi həm də dövlətin idman siyasətinə qarşı çıxmaq deməkdir.

Qeyd edək ki, daha öncə Sumqayıtda 5 saylı və 16 saylı məktəblərin stadionlarını da məhv edib yerində göydələnlər tikiblər. Hətta bu dərdə dözməyənm 16 saylı məktəbin idman müəllimi infakt keçirərək dünyasını dəyişib.