“Zirə”yə sürpriz hazırlamışdıq” – Şuster
- 22:27
- 43
“Torpedo” bu gün UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında “Zirə”nin qonağı olub.
Rekord.az xəbər verir ki, oyundan sonra Gürcüstan təmsilçisinin baş məşqçisi Dirk Şusterin mətbuat konfransı keçirilib. Almaniyalı mütəxəssis 0:3 hesabı ilə məğlub olduqları matçı belə şərh edib:
“Sürpriz hazırlamışdıq. Dünən dediyim kimi, güclü rəqiblə qarşılaşırdıq. Sürprizi göstərə bilmədik. Çox individual rəqiblə oynadıq. Dediyim kimi, favorit komanda “Zirə”dir. Artıq evdə yaxşı nəticə qazanmağa çalışacağıq. İkinci qoldan sonra komanda oyundan qopdu. Çalışırdıq ki, heç olmasa, bir qol vuraq, amma alınmadı. “Zirə” çox gözəl futbol oynadı.
75-80-ci dəqiqədən sonra onlar heç nə göstərmirdilər. Amma bizim oyunçular sona qədər mübarizə aparırdılar. Biz Gürcüstanda çətin oyundan sonra bura gəldik. Dünən dediyim kimi, futbolçular yorğun idi. Ola bilər ki, istədikləri performansı göstərə bilmədilər.
Bir həftədən sonra futbolun başqa üzünü göstərməyə çalışacağıq. Düzdür, 0:3-dən sonra geri dönüş etmək çox çətindir. Amma heç olmasa, çalışacağıq ki, oyunu uzatmalara aparaq. İnanıram ki, Gürcüstanda fərqli oyun göstərəcəyik və əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.
Azarkeşlər çox kədərlidirlər. Onların qeyri-etik hərəkətlərini görmədim. Belə olubsa, bunu düzgün hesab etmirəm. Amma azarkeşdir, komandası böyük hesabla məğlub olub. Qəzəbli ola bilər”.
Cavab matçı bir həftə sonra Gürcüstanda keçiriləcək.