“Yaşımız az olsa da, gördüyümüz iş böyükdür”
- 2024-07-25 13:45
- 257
“Yaşımız az olsa da, gördüyümüz iş böyükdür”.
Rekord.az xəbər verir ki, bunu Azərbaycanın 18 yaşadək qız basketbolçulardan ibarət millisinin baş məşqçisi Evren Alkaya Avropa çempionatının C divizionunda Gürcüstana qarşı matçdan sonra deyib.
Türkiyəli mütəxəssis oyunun çox çətin keçdiyini söyləyib:
“Çox çətin matç oldu. Xeyli sayda 3 xallıq atış üçün mövqe boşluğu verdik. Müdafiə xətti topu qarşılaya bilmirsə, əlbəttə, boşluqlar yaranır. Müdafiəçilərin çox yorulduğunu da qeyd edim. İlk hissədə 13 dəfə 3 xallıq atışdan top buraxdıq ki, bu da çox böyük rəqəmdir. Heç Superliqa komandalarında bu yoxdur. Cərimə problemləri olurdu. Daha sonra öz oyunumuzu göstərdik, çox ribaund etdik və aqressivləşdik. Sonda Azərbaycan adına qələbə qazana bildik”.
Baş məşqçi yarımfinalda Kipr yığması ilə üz-üzə gələcəklərini ehtimal edib:
“Böyük ehtimalla yarımfinalda Kipr yığması ilə qarşılaşacağıq. Çünki Kosovo onlardan daha yaxşı oynayır. Kipr də çətin komandadır. Hər şey bugünkü oyunlardan asılı olacaq. Bu arada qarşılaşdığımız rəqiblərin hamısının heyətində 4-5 nəfər 2006 təvəllüdlü basketbolçular var. Bizim oyunçulardan isə 2 nəfər 2007, qalanı 2008 təvəllüdlüdür. Hətta bəzən 14 yaşlı oyunçulara da şans veririk”.
Qeyd edək ki, Azərbaycan millisi ilk oyunda Albaniyanı 72:53 hesabı ilə məğlub edib. Qrupdakı ikinci oyunda Gürcüstan üzərində 74:68 hesabı ilə qələbə qazanan komanda Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.