Yada düşər... Nazim Süleymanov!
- 10:53
- 63
Legioner limitinin ləğv olunmasıyla ölkə Premyer Liqasında gül bülbülü, bülbül də gülü çağırır. Daha doğrusu, menecerlər yaydan bəri müxtəlif ölkələrdən növbəböv legionerləri Azərbaycana gətiriblər. Aralarında ayağı top tutmayan hücumçular, əlləri topa yatmayan qapıçılar da var. Artıq qış fasiləsi yaxınlaşır. Bu isə deməkdir ki, transfer bazarı yenidən qızışacaq. Bir vaqon legioneri yola salacaqlar, əvəzində yeni bir vaqon gələcək. Xüsusən də “Neftçi”, “Karvan-Yevlax” və “Kəpəz”in bu “bazar”da fəallıq göstərəcəyi heç şübhə doğurmur.
Sözsüz ki, o gələn-gedən legionerlər Azərbaycana sevgilərindən, bizim futbola kömək etmək həvəsindən bura üz tutmurlar. Onları birləşdirən yeganə məqam pul qazanmaq həvəsidir. Eşidiblər ki, azərbaycanlılar da ərəblər kimi səxavətlidirlər, pullarının sayını bilmirlər. Qərara alıblar ki, AFFA-nın legioner limitini ləğv etməsindən sonra yaranan şəraitdən istifadə edib, özlərinə düşəndən pay götürsünlər. Belə yerdə “bazar olsun” deyib, keçim Azərbaycan futbolunun ağrılı-acılı problemlərinə.
Yararsız əcnəbilərlə işbaz menecerlər futbola ayrılan milyonları yağmalamaqdaykən iki azərbaycanlının düşdüyü ürəkağrıdan vəziyyətindən danışaq. Birincisi Kamal Quliyevdir. Həftəsonu oxudum ki, ciddi xəstəliklə mübarizə aparır, artıq xəstəliyə qalib gəlmək üçün nə gücü qalıb, nə də pulu. Onun bu bəladan qurtulması üçün 40 min manata ehtiyac var. Kamal bəy həm “Neftçi”nin, həm də millinin formasında xeyli oyun keçirib, Azərbaycan futbolu üçün əlindən gələni edib. İstedadı ilə sayılıb-seçilənlərdən olub. Təəssüflər olsun ki, məşqçi kimi lazımı dəstəyi almadı, özünə marşrut avtobusuyla gün ağlamağa çalışdı. Ordan da qazandıqları ancaq çörəkpulunu bəs edib, indi sağlığına qovuşmaq üçün bir çox sıravi azərbaycanlı kimi ehtiyatda pulu yoxdur. Ümid edirəm ki, AFFA və “Neftçi” Kamal Quliyevə laqeyd yanaşmayacaq. Yararsız legionerlərin, əcnəbi məşqçilərin bir aylıq maaşından belə az olan 40 min manat tapılacaq ki, Kamal bəy sağlığına qovuşsun.
Çıxılmaz durumda olan ikinci şəxs Azər Həşimovdur. Allaha şükür, onun səhhəti qaydasındadır. Amma maaşını ala bilmir. Adam “Karvan-Yevlax”ın qanuni baş məşqçisidir. Müqaviləsi qüvvədə ola-ola onu məşqə buraxmırlar. Yerinə Füzuli Məmmədovu da gətiriblər, di gəl ki, Həşimovun təzminatını verib, yola salmırlar. Məşədi İbad demişkən, indi “Karvan-Yevlax”ın iki baş məşqçisi var. Adında iki xüsusi isim olduğu kimi. Azər bəyin harayına nə AFFA çata bilir, nə də PFL. Ümid qalıb məhkəmələrə. Onların da Azərbaycanda nə qədər ədalətli olduğunu hamımız bilirik. Qorxasan ki, məhkəmə Azər Həşimovun indiyə qədər aldığı məvacibi kluba qaytarmalı olduğu barədə qərar verə.
Belə yerdə adamın yadına Nazim Süleymanov düşür. Yox, ötənlərin məşhur futbolçusunun ürəyi böyük olsa da, maddi imkanları elə də geniş deyil. Lakin Nazim bəy illər öncə məhz çətin duruma düşən futbol veteranlarına, hüququ pozulan məşqçilərə və futbolçulara dəstək göstərmək üçün həmkarlar təşkilatı yaratmışdı. Deyirdi ki, futbol adamları birləşsin, öz hüquqlarını qoruya bilsinlər. Elxan Məmmədovun kürkünə birə düşdü, min fitnə ilə futbol adamlarını Süleymanovun ətrafından perik saldı, meydanda tək qalan Nazim bəyin də futbolçuların hüquqlarını qorumalı olan təşkilatı da gücə çevrilə bilmədi. İndi də tək əldən səs çıxmır, hərə öz problemi ilə baş-başa qalıb. Bəlkə, yenidən toparlanmaq zamanıdır?!