Misli Premyer Liqasında məhsuldar turlar seriyası davam edir. 


Rekord.az xəbər verir ki, XXVI turda 23 qol vurulub. Orta məhsuldarlıq 3,83-ə bərabərdir.


Bu göstərici ardıcıl 4-cü dəfə 3 və ya daha yüksək olub. XXIII turda 21 (3,50), XXIV turda 19 (3,17), XXV turda 18 (3,00) qol vurulub.


III dövrənin startından yaşanan bu məhsuldarlıq seriyası Azərbaycan çempionatlarının yüksək dəstəsində XXI əsrin rekordudur.


Daha uzun seriya 2000/01 mövsümünün ilk yarısına təsadüf edib. Həmin vaxt II-VIII turlarda ardıcıl 7 dəfə orta məhsuldarlıq 3 və ya daha yüksək olub. Sonrakı illərdə isə belə seriyalar 3 turdan uzun sürməyib.