Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin "Dinamo Zaqreb"lə birgə "Sevilya" ilə Avroliqa oyununa gedib-getməyəcəyi dəqiqləşməyib.

Rekord.az xəbər verir ki, Xorvatiya mətbuatı futbolçumuzun baş məşqçi Jelko Kopiçin planlarına daxil olub-olmadığını müəyyənləşdirə bilmir. 

Bu üzdən "Sevilya" ilə qarşılaşma üçün mümkün "11-lik"də, hətta ehtiyat variant kimi də Emrelinin adı göstərilmir: Livakoviç - Teofili, Şutalo, Franjiç - Ristovski, İvanuşec, Ademi, Mişiç, Boçkaj - Petkoviç / Andriç - Orşiç.

Bununla belə, "Sportske Novosti" nəşrinin əməkdaşı Davorin Olivari heyətlə bağlı yazısında Mahirlə bağlı istəyini belə çatdırıb:   

"Kopicin İspaniyaya gedəcək təyyarəsində əlavə qüvvələrin, xüsusilə də Mahir Emrelinin olub-olmayacağı hələlik məlum deyil. Azərbaycanlı əsas komanda ilə məşq edir, lakin praktiki olaraq bir aylıq "tətildən" sonra onun bu səviyyədə oyuna hazır olub-olmaması sual altındadır. Bu mövzu ilə bağlı hələ qərar verilməyib. Amma heç vaxt bilmirsən, bəlkə Emreli rəqabətə girəcək. Səyahət edərsə, ona bir neçə dəqiqəlik vaxt verə bilər. Və bilirsiniz ki, çox vaxt ən az gözləniləndən ən çoxunu əldə edirsiniz. Eh, Emreli "mavilər"in formasında "Ramon Sançes Pisxuan"da qol vursaydı, "Dinamo"da möhkəmlənmək baxımından necə əla olardı..."