“Qarabağ”ın pley-off mərhələsində Portuqaliya klubu “Braqa” ilə keçirdiyi hər iki oyununu təhlil etmişik. Tipik “Qarabağ” performansı gördük. Təhlükəli çıxış etdilər və uğur qazandılar. 10 nəfərlə mübarizə aparsalar da, sona qədər əzmkar oynadılar. Bu, artıq 1/8 finaldır, qrup deyil. "Qarabağ” çox güclü komandadır, avrokubok təcrübəsi böyükdür”.

Rekord.az xəbər verir ki, bu sözləri "Bayer Luverkuzen"nin baş məşqçisi Xabi Alonso Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində "Qarabağ"la ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, bir müddət əvvəl "Bayer”in düşərgəsində olan "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşündən də bəhs edib: "Qurban Qurbanovla yaxşı söhbətimiz oldu, aramızda gizlədiləsi heç nə yoxdur. O, yaxşı məşqçidir”.

Çalışdırıcı argentinalı yarımmüdafiəçi Ezekyel Palasiosun matça hazır olduğunu əlavə edib: "Sabahkı oyunda da start heyətində çıxış etmək iqtidarındadır. Ondan gözləntimiz yaxşı oynamaq, komandaya kömək etməkdir. Bütün futbolçulardan istəyim budur”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer” matçı martın 7-də, saat 21:45-də başlayacaq. Tərəflərin cavab qarşılaşması bundan bir həftə sonra Leverkuzendə baş tutacaq.