
"Uğur"un prezidentindən açıqlama: "Dağılmamışıq, 1 illik fasilə götürmüşük"
- 17 Yan 2022 22:11
- 545
“Builki çempionatda iştirak etməməyimiz klubumuzun dağılması demək deyil”.
Rekord.az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında “Uğur”un prezidenti Vasif Maşayev deyib.
Sumqayıt təmsilçisi ikiqat qalib olduğu Reğion Liqasının cari mövsümündə yer almır. Bu arada “Şahdağ” onıarın adından yarışda mübarizəsini davam etdirmək niyyətində olduğunu açıqlayıb.
Quba klubu bu məqsədlə bəyanat yaymaqla kifayətlənməyib, eyni zamanda, AFFA-ya müraciət ünvanlayıb.
V.Maşayevin bununla bağlı fikirləri konkret və maraqlıdır.
Sitat: “Region Liqasının keçiriləcəyi haqda məlumat veriləndə, hazırlıqsız idik. AFFA-ya da bildirdik ki, biz 1 illik fasilə götürürük.
“Şahdağ”ın “Uğur” adıyla çemionatda iştikakını davam etdirmək istəməsinə gəlincə, ortalıqda konkret heç nə yoxdur hələlik.
Mən klubun möhür və ştampını heç kimə vermək fikrində deyiləm. Əvvəlcədən də belə bir söhbət olmayıb. Siz nə eşitmisizsə, mən də onu eşitmişəm. Nə az, nə çox.
Rəhbəri olduğum və dövlət qeydiyyatından keçmiş klubun ləğvi müzakirə mövzusu deyil. Klubun bütün aktivləri aktivdir və vergi uçotunda qalmışıq. O cəhətdən hər şey qaydasındadır.
Heç bununla bağlı hansısa addımlar atmaq fikrində də deyilik. Klubun hüquqi şəxs olaraq ləğvini planlaşdırmırıq. AFFA-dan “Şahdağ”a da bu söz deyilib.
AFFA xahişimizi anlayışla qarşılayıb. Özünüz bilirsiz ki, pandemiyadan sonra vəziyyət necə idi. Onda işlər yeni-yeni qaydasına düşürdü.
Uşaq, yaxud məhəllə komandası deyilik ki, yığışıb gedib oynayaq. Sizlər də bizi azdan-çoxdan tanıyırsız.
“Uğur” həmişə konkret nəticə üçün mübarizə aparıb. Builki çempionatda işirak xatirinə iştirak etmək istəmədik. Bir illik fasilə yaxşı hazırlaşmaq üçün bizə lazımdır.
Qəzənfər Abbasov “Şahdağ”dan təklif alanda onunla görüşdük, bir-birimizə halallıq verdik. Bildiyimə görə, baş məşqçimiz orada yaxşı nəticələr göstərib.
Çempionatda iştirakımız bərpa olunacaq. Bununla bağlı planlı işlər gedir. “Uğur” yenidən öz azarkeşlərini sevindirəcək. Komandamızın nailiyyətləri əvvəlkindən də yaxşı olacaq”.