
Türk sevgisi, yoxsa Məmmədovun növbəti hiyləgər gedişi?
- 06 Noy 2021 12:00
- 595
Bu fikri hər zaman demişəm, Elxan Məmmədov futbol adam deyil, futbolu da bilmir. Heç futbol idarəçiliyini də bacarmır. Amma kadr kimi çox hiyləgər və təhlükəli kadrdı. Ona görə də futbolda bu qədər fiasko, uğursuzluq, biabırçılıq fonunda, 13 ildir postunu qoruyub saxlayıb və daha yüksək vəzifəyə yüksəlib.
Son günlər türkiyəli məşqçi Okan Burukun Azərbaycan millisinə baş məşqçi gələcəyinə dair məlumatlar səngimir. Hətta Türkiyə mətbuatı iddia edir ki, Burukla AFFA rəhbərliyi arasında ilkin razılaşma da olub. Əgər bu, həqiqətdirsə belə, qəti əminəm ki, ortada hansısa səmimiyyət yoxdur. Yəni icraçı vitse-prezident-baş katibin Okan Buruk və ya hansısa türk məşqçi üçün gözü atmır. Sadəcə, növbəti dəfə postunu qorumaq üçün buna gedir. Körpü-ayı-dayı məsələsi. İlk növbədə Türkiyəyə üz tutmaqla öz aləmində dövlətin siyasəti ilə getdiyini göstərmək istəyir. 44 günlük savaşdan sonra Azərbaycan-Türkiyə münasibətləri pik həddə çatıb, "iki dövlət, bir millət" söhbəti də öz yerində. Adam bu cür həssas məqamda, həssas nöqtədən tutaraq "yuxarılar"a göstərmək istəyir ki, biz də sizin siyasətinizlə gedirik.
İkinci daha bir vacib məqam. Elxan Məmmədov gözəl bilir və görür ki, Azərbaycanda Türkiyə futboluna, Türkiyə klublarına, türkiyəli futbolçu və futbol adamlarına xüsusi sevgi var. Və onu da gözəl bilir ki, türkiyəli məşqçi gəlib burda uğursuz olsa da, yerli azarkeşlər deyək ki, Foqts, Yurçeviç, De Byazini söydüyü kimi, onu söyməyəcək. Ən azı türk faktoruna görə üstünə çox getməyəcək. Bununla Məmmədov həm də hədsiz təzyiq və tənqidlərdən də yayınmış olacaq.
Anar XANLAROV