
Süni ota təbii sevgi
- 22 Noy 2021 15:00
- 839
AFFA ötən gün daha bir məlumat paylaşdı. Yenə tender elan ediblər. Ölkə futbolunun anasını ağlar qoyub süniləşdirmək yolunda. Federasiya Tovuzda, Mingəçevirdə yeni süni meydançalar inşaa edəcək və tenderi də bunun üçün elan edib. Camaatı avam yerinə qoyublar. Sizin tenderinizin “şəffaflığı”na bələdik də, nəyin tenderini edirsiniz? Siz beyninizdə hansı stadiona süni örtük döşəməklə bağlı qərar verəndə onu döşəyəcək şirkətin adı dünəndən məlum olur. Baş katib-icraçı vitse-prezident elə bilir ki, camaat çörəyi qulağına yeyir və kimin kim, nəyin nə olduğunu bilmir. İllərdi Azərbaycan futbolunu süni rezində zəhərə boğursunuz. Tenderi edən kimdi, udan kimdi, dövlətdən qopardılan məbləğ nə qədərdi, realda xərclənən nə qədərdi, hamısını gözəl bilirik. Nə isə.
AFFA elan edib ki, Tovuzda iki yeni süni örtüklü meydança salacaq. Olanlar azlıq edir, əlavə ikisinə də ehtiyac yaranıb. Əsas odur tender olsun, pul olsun, qazanc olsun.O tərəfdən Mingəçeviri də qoşublar öz biznes çevrələrinə. Yoxsa Elxan Məmmədovun Mingəçevir futboluna sevgisi aşıb-daşıb, durub 13 illik fəaliyyəti dövründə ilk dəfə bu şəhərə gedib. Gedib ki, uşaqlara 3-5 topdan, formadan paylasın, özü üçün də yaxşı bir məkan seçib süni örtüyünü döşəmək üçün zəmin yaratsın. Futbolu süniləşdiriblər. Süni futbolun oynanıldığı örtüyün də süni olması təəccüblü olmamalıdır. Bunların çox vecinədir, o süni örtüklərdə nə qədər uşaq əziyyət çəkəcək, şikəst olacaq. Bayıldakı stadionun az qala betonu da dizini yerə qoyandan sonra qərar verdilər ki, örtüyü dəyişsinlər. Bu sünini çıxardıb yerinə başqa sünini qoyacaqlar da, guya nə dəyişəcək ki? Bu insanların futbola sevgisi süni olsa da süni örtüyə sevgiləri təbiidir. Məsələn, məndə qətiyyən şübhə yoxdur kii, Elxan Məmmədov hər yeni sərdiyi süni örtüyə ayaq basanda bunu böyük şövqlə, təbii sevgi ilə edir. Çünki hər süni örtük yeni süni örtüklərin, yeni tenderlərin, yeni milyonların carçısıdır. Həmin örtüklərin yüzlərlə körpənin, yeniyetmənin sağlamlığını pum etməsi qətiyyən onun vecinə deyil…
Anar XANLAROV