"Sumqayıt"dan gözəl təəssüratlarla ayrılıram" - Saşa İliç
- 22 May 2026 23:29
- 30
Misli Premyer Liqasının son turunda "Sumqayıt" doğma meydanda "Qarabağ"a 3:4 hesabı ilə məğlub olub.
Rekord.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb:
"Maraqlı bir oyun alındığını düşünürəm. Çox qol vuruldu və bir o qədər də qol epizodları ilə yadda qalan bir matç oldu. Yenə də, səhvlərimizdən qollar buraxdıq".
- "Sumqayıt"dan ayrılacağınıza dair məlumatlar var. Bu barədə düşüncələriniz nədir?
- Buranın insanları çox gözəldir. Buradan ayrılsam da, gözəl təəssüratlarla ayrılıram. "Sumqayıt" "top klub" olmasa da, çalışdıq ki, daha yaxşı yerlərdə olaq. Müqaviləm başa çatır, lakin yenə də rəhbərliklə bu barədə danışığımız olacaq. Komandada dəyişikliyə ehtiyac var. Hazırki futbolçuların pis olduğunu demirəm, ancaq reallıq var. Səviyyəli komanda yaratmaq istəyiriksə, səhvlər minimum olmalıdır.
- Mövsümün əvvəlində demişdiniz ki, hədəfimiz avrokuboklara getməkdir...
- Futbolda çoxlu situasiyalar olur. “Lester” bir vaxt çempion idi, bu mövsüm Çempionşipdən də düşdülər. Bu mövsüm kifayət qədər xallar itirdik, bəzi matçlarda yaxşı oynayan tərəf olsaq da, nəticə qazanmaqda çətinlik çəkdik. Səhvlər minimuma enərsə, nəticə qazanmaq olar.
- Büdcənin daha da artırılması ilə bağlı zəmanət alsanız, klubda qalmaq fikriniz var?
- Dünyanın ən yaxşı məşqçisi olmasam da, plan üzrə çalışanda uğur qazanmaq olar. Komandanın kifayət qədər potensialı var. Bəzi məsələlər də həll olunsa, komanda avrokuboklara vəsiqə qazanar. (Sportal)