Mehdi Hüseynadə adına Sumqayıt şəhər stadionunun işıqlandırma sistemi böyük ölçüdə yenilənir.

Rekord.az xəbər verir ki, arenaya yeni işıqlandırma qurğuları gətirilib və hazırda işlər yüksək sürətlə davam edir.

"Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevun saytımıza verdiyi məlumata görə, proses yaxın zamanlarda tam yekunlaşacaq və komandanın ev oyunlarını axşam saatlarında keçirməsinə heç bir problem qalmayacaq: "Mehdi Hüseynzadə"də işıqlandırma ilə işlər hazırda da davam edir. Tamam yeni projektorlar gətirilib, sayları artırılıb, görüntü, işıq keyfiyyətit tamamilə yeni olacaq. Biz birdəfəlik ora keçməyi düşünürük və fövqəladə hansısa hadisə baş verməsə, "Kapital Bank Arena"ya dönməyi düşünmürük. O ki qaldı, "Neftçi" ilə oyunun günorta saatlarına təyin olunmasına, deyim ki, "Zirə" ilə növbəti ev oyunumuz da günorta saatlarına təyin olunub. Amma bu, stadionun işıqlandırmasında hansısa problemə görə deyil, sadəcə PFL belə qərar qəbul edib. Görünür hansısa səbəbdən belə addım atılıb. Məsələn, Qəbələdə, Masazırda işıqlandırma ilə bağlı hər hansı problem yoxdu, amma bizim "Qəbələ" ilə oyunumuz, eləcə də "Sabah" - "Neftçi" qarşılaşması da axşam saatlarına təyin olunmayıb. Güman ki, PFL yayımı, yaxud hava şəraitini nəzərə alıb belə addım atıb. Yenə deyirəm, bizim oyunlarlın günorta saatına təyin olunması stadionun işıqlandırması ilə bağlı deyil".