'Sumqayıt" bizi yanıltmadı
- 27 İyl 2024 12:10
- 2699
Mehdi Hüseynzadənin adını daşıyan Sumqayıt şəhər stadionunun açılışından sonra hamı bu şəhərin Premyer Liqadakı təmsilçisinə böyük ümidlərlə yanaşmağa başladı. Düşüncələr belə idi ki, müasir tələblərə cavab verən səviyyədə təmir olunan stadion şəhərin eyniadlı komandasının fəaliyyətini daha da canlandıracaq, onun gücünə güc qatacaq. Hətta belə bir narahatlıq var idi ki, yeni açılan stadionun tamaşaçı tutumu azdır, xüsusən də avrokuboklarda iştirak halında bu say azlığı özünü göstərəcək. Deyir siz saydığınızı sayın, görün Riad Rəfiyevlə Samir Abasov nə sayır...
“Sumqayıt” qarşıya qoyulan birinci hədəfə çatdı. Yəni, Azərbaycanı UEFA Konfrans Liqasında təmsil etməyə vəsiqə qazandı. Bununla da ölkənin ən qocaman klubu “Neftçi” bu mövsüm avrokuboklardan kənarda qalmış oldu. Təəssüflər olsun ki, avrokuboklarda sumqayıtlı azarkeşlərin ümidləri doğrulmadı, Samir Abasovun çalışdırdığı komanda “Fehervar”la duelin ilk hissəsini uduzdu. Özü də bu məğlubiyyətin doğma meydanda alınması işləri bir qədər də qəlizləşdirdi. Macar təmsilçisi “Sumqayıt”la oyundan öncə əsas sponsorunu və aparıcı heyət üzvlərini itirsə də, bizimkilər bu şansdan yararlanmağı bacarmadı.
Düzdür, çoxları bu işdə albaniyalı hakim Florian Latanı günahlandırır. Guya ki, referi Murad Xaçayevi ilk yarıda meydandan qovmaqla “Sumqayıt”a qarşı haqsızlıq edib. Amma hakimi ədalətsizlikdə qınamaqla bir az tələskənlik edirik. Çünki Lata Xaçayevə birbaşa qırmızı vərəqə yox, ikinci sarı vərəqə göstərdi. Bu da qısa müddətdə iki dəfə kobud qayda pozuntusuna yol verən “milliləşdirilmiş” futbolçunun ayağına yazılmalıdı, hakimin vicdanına yox. Onsuz da biz əvvəllər də Xaçayevin “Sumqayıt”ı pis vəziyyətdə qoymasına şahidlik etmişdik. Sonuncu belə hadisə “Sabah”la vacib oyunda olmuşdu.
“Sumqayıt”ın israilli legioneri Roy Kehat Macarıstanda daha yaxşı oynayacaqlarını, Rövlan Muradov isə “İndidən təslim olacağıqsa, heç səfərə getməyə dəyməz” deyib. Elə komandanın baş məşqçisi Samir Abasov da oyundan sonrakı mətbuat konfransında maraqlı danışıb. Çalışdırıcı şanslarının 30 faizə bərabər olduğunu vurğulayıb, həmin o şansdan bərk yapışmalı olduqlarını dilə gətirib. Şəxsən mən o rəqəmin 30 faizdən də bir qədər az olduğunu düşünürəm və buna çox təəssüflənirəm. “Zirə” ilə “Sabah”ın möhtəşəm zəfərl qazandığı axşamda “Sumqayıt” da ən azından doğma meydanda uduzmamalı idi. Heç olmasa, bərabərlik qeydə alınsaydı, şansların 30-40 faiz civarında olduğunu düşünmək mümkün olardı.
Acı da olsa, bir həqiqət var ki, onu gizlətməməliyik. “Sumqayıt”ın mövsümlər arası fasilədəki davranışı, transfer siyasəti bu məğlubiyyəti qaçılmaz etdi. Təsadüfi deyil ki, təxminən bir ay bundan əvvəl “Rekord.az” oxucuları ilə fikrimi bölüşmüş, avrokuboklardakı çıxışın Samir Abasov üçün əsl sınaq olduğunu qeyd etmişdim. Mövsüm bitən kimi aparacı futbolçuları bir-birinin ardınca yola salan, üstəlik də “gedənlər bizim əsas heyət üzvlərimiz deyildi” deməklə bizi təəccübləndirən Samir bəy ilk imtahandan kəsildi. Elə Riad Rəfiyev də onunla birlikdə. Qarşıda səhvləri düzəltmək, azarkeşlər qarşısında bəraət axtarmaq üçün çox az zaman var. Ümid edək ki, onu dəyərləndirmək mümkün olacaq.