Ötən gün "Mançester Yunayted" baş məşqçisi Ule Qunnar Sulşeri istefaya göndərib. 

Rekord.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan 48 yaşlı mütəxəssis müsahibə zamanı göz yaşlarını saxlaya bilməyib:

“Bu klub mənim üçün hər şey deməkdir. Birlikdə irəli getdik. Amma təəssüf ki, lazım olan nəticələrə nail ola bilmədim və kənara çəkilməyin vaxtı gəldi. Bu kluba gəldiyim ilk dəqiqədən son günə kimi mənim üçün xoş səyahət oldu. Ona görə bütün futbolçulara təşəkkür etməliyəm. Onlar çox gözəl oyunçu, çox gözəl insanlardılar.

Mən "Mançester Yunayted"in azarkeşiyəm. Futbolçulara uğurlar arzulayıram. Bu klubda yüksək səviyyəli oyunçular var. Əminəm ki, onlar nəyə qadir olduqlarını göstərəcəklər.

Komandanı və ürəkdən dəstəkləyəcəyim yeni baş məşqçi Maykl Kerriki izləyəcəyəm. "Mançester Yunayted"də uğurlu olmasını istəyirəm. Maykl komandada böyük hörmətə sahibdir. Onu çox sevirəm. Bu klubda hər şey yaxşı olacaq. Mən “Mançester Yunayted”i sevirəm!"

 

Xatırladaq ki, "Mançester Yutayted"də baş məşqçi funksiyasını müvəqqəti olaraq komandanın sabiq futbolçusu Mayk Kerrik yerinə yetirəcək.