Ştuxlikin növbəti hoqqası
- 29 Noy 2021 11:00
- 762
"Qəbələ" və "Qarabağ" komandaları arasında keçiriləcək Azərbaycan Premyer Liqasının XII tur matçı təcrübəsiz hakimə tapşırılıb.
Rekord.az xəbər verir ki, mərkəzi oyuna təyinat alan Kamranbəy Rəhimov ilk dəfə yüksək liqada görüş idarə edəcək.
AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlikin bu cür prinsipial oyunu debütanta həvalə etməsi olduqca təəccüblüdür. Çünki Rəhimov cari mövsümdə yalnız I Divizion oyunlarında ədaləti qoruyub. O, II turun "Qarabağ-2" - "Sumqayıt-2", III turun "Keşlə-2" - "Qəbələ-2", V turun "Neftçi-2" - "Sumqayıt-2", VII turun "Qaradağ Lökbatan" - "Zirə-2" və VIII turun "Qəbələ-2" - "Zaqatala" görüşlərində fit çalıb. Gənc referinin Premyer Liqada debütü də Qəbələyə təsadüf edəcək.
Maraqlıdır ki, bugünkü qarşılaşma liderlərin görüşüdür və turun mərkəzi qarşılaşmasıdır. Adətən belə oyunlara təcrübəli hakim təyin edirlər. Premyer Liqa təcrübəsi olmayan birinə mərkəzi oyuna təyinat vermək Ştuxlikin növbəti hoqqabazlığı kimi də qiymətləndirilə bilər. Əgər sabahkı oyun gözlənildiyindən də daha gərgin və dramatik keçsə və Rəhimov bu yükün altından çıxa bilməyib ciddi səhvlərə yol versə, o zaman bunun məsuliyyətini kim daşıyacaq? Yoxsa Ştuxlik VAR-ın Azərbaycana tez gəlməsi üçün AFFA-ya təzyiq mexanizmini dayandırmamaqda israrlı olduğu üçün bu cür avantüralara gedir? Hər halda. bu gün bütün suallara cavab tapılacaq.