
SSRİ yığmasında oynamış azərbaycanlı futbolçunun yubileyi
- 16 Fev 2022 16:32
- 571
Bu gün veteran futbolçu Rafiq Mirzəyevin 70 yaşı tamam olur.
Rekord.az xəbər verir ki, o, mərkəz müdafiəçisi və dayaq yarımmüdafiəçisi mövqelərində çıxış edib.
1968-1969-cu illərdə - 16-17 yaşlarında SSRİ-nin yeniyetmələr yığmasının aparıcı oyunçusu olub.
Bakının “Neftçi” komandasına 1967-ci ildə cəlb olunan Rafiq Mirzəyev 1973-cü ilə kimi bu komandanın heyətində yer alıb.
Daha sonra Novorossiyskin “Sement”, Bakının “Avtomobilçi” və Gəncənin “Tərəqqi” komandalarının uğurları üçün çalışıb, 27 yaşında futbolçu karyerasını bitirib.
Sonra fəaliyyətini məşqçi kimi davam etdirib: AZAL, “Muğan”, “Standard” komandalarında, həmçinin Azərbaycanın U-17, U-19 və olimpiya yığmalarında çalışıb.
Mirzəyev haqda danışan "Neftçi"nin başqa bir tanınmış veteranı Asəf Namazov onun haqda yüksək fikirlər səsləndirib: "Rafiq dəyərli insandı. "Neftçi" üçün də vacib futbolçulardan olub və oyunu ilə bunu sübut edib. Biz onunla birlikdə 15 yaşında SSRİ gənclər kubokunu qazanmışıq. 1967-ci ildə. Elə həmin ili Rafiki "Neftçi"yə götürdülər. 1967-71-ci illər arasında SSRİ-nin bütün yaş qrupları üzə gənclər yığmalarının kapitanı olub. Təəssüf ki, təsadüfi bir ağır zədə onun karyerasına ciddi təsir etdi və həmin zədə ona potensialını daha da açmağa imkan vermədi. Bununla belə, onun qazandığı uğuru qazanmaq hər adama nəsib olmur. Düşünürəm ki, bu gün də onun təcrübəsindən Azərbaycan futbolunda istifadə olunmalıdır. Təəssüf ki, istifadə olunmur. Mən Rafikə yalnız can sağlığı arzulayıram, daim ailəsinin, sevdiklərinin, nəvələrinin başında olsun, biz hamımız birlikdə onun 80, 90 illik yubileyini qeyd edək".