“Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, komandasının 1:6 hesablı məğlubiyyətini belə şərh edib:

"Nəticədən dolayı azarkeşlərimizə görə çox üzgünəm. Onlar bizim üçün dəstək verirlər. Belə nəticə təbii ki, bizim qədər onları da məyus edir. "Qarabağ"ı çempionluğa görə təbrik edirəm. Bu gün üçün vəziyyət belədir. Səhvlərdən nəticə çıxartmalıyıq, irəli baxmalıyıq. Qarşıdakı turlarda, gələcək mövsümdə daha aqressiv, istəkli olmalıyıq. Rəqibi qorumadan oynayan komanda olmalıyıq. Bu gün Azərbaycanda "Qarabağ"a qarşı oynayan bütün komandalar sanki onları qoruyurlar. Fikrimcə, belə şey olmamalıdır. Hamı öz komandasının oyununu oynamalıdır. Aqressivliyi, istəyi necə ki, digərlərinə qarşı göstərirlər, eyni şeyi "Qarabağ"a qarşı da etməlidirlər. Daha güclü komandalar olmalıdır. Sona 8 tur qalmış komanda çempion olmamalıdır. Bu artıq sondur".