"Qarabağ" qapısında gördüyü son saniyə qolu ilə qrupdakı lideriyini itirdi. Dünənki matç emosional və mütəxli məqamlarla dolu oldu. Canlı izlədiyim qarşılaşma barədə bəzi qeydlərimi sizinlə bölüşmək istəyirəm.

- sondan başlayım: qolda günah təbii ki Şahruddinindi. Məsələ təkcə onda deyil ki, mövqeyini səhv seçmişdi, qabağa çıxmışdı və s. Nəzərə almaq lazımdı ki, zərbəni vuran da bunu əla şəkildə etdi. 90-cı dəqiqədə ayaqda o gücü tapmaq, zərbə qərarı vermək üçün böyük təcrübəyə malik olmaq lazımdı. Ancaq əsas məsələ odu ki, Şahruddin belə bir zərbənin olacağını bilirdi, çünki bu, Qomesin ilk belə cəhdi deyil. Sırf "Şah"ın səhvidi, ancaq ümid edək ki, qapıçı bundan nəticə çıxaracaq. Belə istedadlı qolkiperi bir səhvə görə silmək olmaz. 

- Yaxşı futbol oynamadıq. Sağ cinahın faydalı iş əmsalı çox deyildi, əksər hallarda mərkəzdə çox primitiv oynayırdıq. Toplar əsasən forvard  Vaciyə yönəldilsə də, çox vaxt ya onun arxasına düşür, ya da birbaşa fiziki mübarizəyə qoşulmağa məcbur edirdi. İbrahim bunu edə bilər, amma bütün oyun boyu yox. Bu iş üçün daha çox Şeydayev uyğun gəlir və onun start heyətində oynamamasını hələ də başa düşmürəm. Ümumi plan isə yəqin ki  müdafiədən uzun toplarla çıxmaq, cinahlarda qəbul ediləndən sonra duruma görə ya orta xətti "qidalandırmaq", ya da fərdi ustalıq hesabına qapı xəttinə çatıb ötürmə vermək idi. İkinci aspekt daha çox alınırdı, ancaq Zubirlə Toralın əməyi rəqibin 5-li müdafiəsi və dayaqdakı sıxlığına "dəyib qayıdırdı". Görünən odu ki, Berq bizim planımızı təxmin edə bilmiş, doğru taktika seçmişdi.

- İkinci hissədə "Qarabağ" daha sürətli oynamağa başladı. Bu, rəqibi daha çox enerji sərf etməyə və səhvlərə yol verməyə vadar etdi. Aldıqları qırmızı vərəqəni də məhz bunun nəticəsi olduğunu düşünürəm. Sürət, pressinq və döyüşkənlik (amma bütün bunlar "Qarabağ"ın özünə də ağır təsir etdi, xeyli güc sərf olundu, sona yaxın yorğunluq və xaotiklik hiss olundu) hesabına komanda "Kayrat" ssenarisi üzrə hesabda irəli çıxa bildi. Amma futbol 90 dəqiqədi və final fiti çalınmamış qələbə qazanılmır.

- Fit demişkən... Deyəsən, UEFA Konfrans Liqasına da, bizim kimi komandalara barmaqarası yanaşır və bunun nəticəsi kimi "təzə yeriməyə başlayan" hakimlərə üstümüzdə təcrübə keçmək imkanı yaradır. Penaltimizi verməməsi və qolumuzu qeydə almamasını qoyuram qırağa, bu həmişə ola bilər. Ancaq oyunun onsuz da az olan sürətini öldürməsi, adi epizodlarda aşkar bilinən qərarları səhv, ya da heç verməməsi, qərar qeyri-sabitliyi, yəni bir cəriməni bizim qapıya verib, rəqibə eyni cür davranmaması bu hakimin çox zəif olmasını göstərdi. Bizdə I Divizionda bu adama hakimlik dərsi keçəcək referilər var.

- Heç nə itirilməyib. "Qarabağ" səfərdə "Bazel"i udacaq.

 

Kənan Məstəliyev, "Rekord.az"