Bu gün Antalyada iki yoxlama oyunu keçirən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sınaq matçlarından sonra jurnalistlər önünı çıxıb. Rekord.az xəbər verir ki, Serbiyanın "Baçka Topola" (0:1) və Polşanın "Şlyonsk" (2:3) komandalarıyla görüşlərin ardından mütəxəssis fanat.az əməkdaşının da suallarını cavablandırıb.

 

 

- Bir gündə keçirdiyiniz iki oyunda fərqli heyətlərə güvəndiniz. Oyunlarla bağlı fikirləriniz...
- Demək olar ki, hər iki oyundan razı qaldım. Futbolçularda yüklənmələr olmuşdu. Toplanışın yüklənmələrin əsas götürülən hissəsini başa vurduq. Bunu yaxşı oyunla tamamlamaq istəyirdik. Yaxşı rəqiblərə qarşı mübarizə apardıq. Qarşılaşdığımız komandalar fiziki cəhətdən bizdən daha hazırlıqlıydılar. Bu iki matçda əksər futbolçularımız 90 dəqiqə meydanda oldular. Xoşuma gələn futbolçuların dinamik futbol sərgiləməsi oldu. Temp yetərincə yüksək alındı və oyunçular belə yükləmələrdən sonra bu dinamikaya dözdülər. Matçlardan sonra ayrı-ayrı futbolçuların göstəricilərinə baxdıq. Yaxşı nəticələrlə qarşılaşdıq. Qarşıdakı iki gündə istirahət edəcəklər. Ardından bərpa məşqlərimiz olacaq. Son yoxlama görüşlərində daha xoş təsir bağışlayacaqlarına inanıram.
- Komandanın ümumi hazırlığı necə?
- Oyunların son 15 dəqiqəsində müəyyən yorğunluq sezilirdi. Amma əsas odur ki, istədikləri vaxtda sürəti artıra bilirdilər. Sürət və gücə hesablanmış çalışmalardan sonra belə olması tam normaldır. Hər şey plan üzrə gedir.
- Yeni transferlər barədə nə deyə bilərsiniz? Hazırlıqları sizi qane etdi?
- Komandaya bir qədər gec qoşulduqları üçün digərləri qədər hazır deyillər. Optimal formalarına təbii ki, gec düşəcəklər. İstəkli olmaları isə ürəyimcədir.
- Bugünkü sınaq görüşlərində gənc futbolçulara da şans verdiniz. Onları çempionat oyunlarında görə biləcəyikmi?
- Mütləq. Birinci və ikinci oyunda meydana çıxan heyətlər fərqli olsalar da, bu, əsas və əvəzedici heyət anlamına gəlməməlidir. Kim daha hazırlıqlı və istəkli olsa, forma şansı qazanacaq.
- Səhərki oyunda Rüstəm Əhmədzadəni sağ cinah vingeri mövqeyində oynatdınız. Bu Xayme Romeronun yoxluğunda ona həmin mövqedə güvənəcəyiniz anlamına gəlir?
- Rüstəm Ukraynada da daha çox sağ cinahda çıxış edib. Mən sol ayağından yaxşı istifadə edən futbolçuların sağda oynamasını xoşlayıram. Təbii ki, hansı rəqibə qarşı mübarizə aparmaq da şərtdir. Bəzən fərqli seçimlər edirik. Rüstəm sürətli futbolçudur. Səhərki matçda iki epizodda diqqət mərkəzinə düşdü. Ona həm nominal hücumçu mövqeyində, həm də sağda şans verməyi planlaşdırırıq. Çox yüksək potensialı var. İnkişaf etməsi üçün müxtəlif mövqelərdə sınayacağıq.