Xəzər dənizin sahilindən çıxan "Kəlbəcər" nişanlı AZAL təyyarəsi bizi Atlantik okeanının sahilindəki Mölde şəhərinə çatdırmaq üçün düz 6 saat havada oldu. Uzun və yorucu uçuş idi. Mənzil başına çatanda yerli vaxtla saat günorta 3 olsa da, hava qaralırdı. Təxminən bir saat gömrük-qeydiyyat prosedurlarını keçəndən sonra avtobusa minib otelə gedəndə şəhərdə axşam düşdü. Zil qaranlıq da demək olar buna. Sabahısı öyrəndik və özümüz də şahidlik etdik ki, burda əsasən bu vaxtlarda gün səhər 10-un yarısından günorta 4-ün yarısına qədər “iş başında” olur. 6 saat cəmi. Bilmirəm bu nə qədər düzgün ifadə olacaq, amma buranın camaatı (")gün görmür(").

* * * 

Mölde dəniz sahilində təpənin döşündə yerləşmiş, qəsəbə böyüklüyündə, ancaq xüsusilə axşamlar lap nağıllar aləminə bənzəyən şəhərdi. “Evdə tək” filmindəki kimi Yeni il bayram işıqları ilə bəzədilmiş evləri olan, qarlı, amma çox sakit bir yerdi. Bir ay qalmağına baxmayaraq Milada indidən hazırlaşırlar, ətraf möcüzəli bir ab-havaya bürünüb. Bayram günü burda olmağı çox istərdim. 

Adi günlərdə həyatın axarına gəlincə, axşam 6-dan sonra növbətçi mağaza və bir-iki pab və restorandan başqa heç yer açıq olmur, elə bil şəhərə bomba atmısan. Küçədə nadir halda kiməsə rast gələrsən. Sahilə mütəmadi gəmilərin yan almasa, buranın ətraf mühitdən tamamilə təcrid olunduğunu düşünərsən. Birmənalı fikir bildirmək olmur.

Şəhərdə kağız pul yoxdu. Ən azından mən rast gəlmədim. Avro işləmir, yalnız kronla ödəniş etmək mümkündü, ancaq bu 2 gündə bu valyutanın necə göründüyünü, forma və rəngini bilmədim. Hər kəs yalnız kartla ödəniş edir. Bura əlinizdə avro (dollar və s.) ilə gəlsəniz, həmin avro elə əlinizdə qalacaq. Pulu dəyişəcək bir dənə də olsun yer yoxdu. Bunu edə biləcəyiniz ən yaxın yerə maşınla 3 saat getməlisiz. Bir sözlə, buralarda kağız pul tarixə qovuşub. Biz də yalnız onlayn ödənişlə yetinməli olduq. Desəm ki, nəsə güclü alış-veriş eləmək şansımız vardı, yalan demiş olaram. Əvvəla buna elə də vaxt olmadı, digər tərəfdən də çeşid yox idi. Bir az şirniyyat aldıq, bir də bəzi xırda-para şeylər. Nə isə, detallara girməyək.

* * * 

Hava soyuq idi. Xüsusilə də gəldiyimiz günün axşamında külək vardı deyə, “Aker” stadionunun içində maksimum 3-5 dəqiqə dayana bildik. Matç zamanı da asan deyildi. Külək olmasa da, birbaşa Atlantik okean sularının sahilində salınan arenada təxminən -9 dərəcədə əynimizdə qalın paltarla da dayanmaq çətin idi. Belədə futbolçuların durumunu təsəvvür etmək çətin deyil. Qarşılaşmadan sonra oyunçular etiraf etdilər ki, nəinki qaçanda, hətta adicə yeriyəndə belə nəfəs alanda sinələri göynəyirdi. Bunu mən də təsdiqləyə bilərəm, çünki üstündən təxminən 1 gün keçsə də, sinəmdəki göynəmə hələ də yoxa çıxmayıb, hətta öskürəyim də qalıb. Hava haqda bu qədər geniş yazmağım səbəbsiz deyil. Bir qədər sonra bu məqama geniş qayıdacam.

Dediyim kimi, Mölde kiçik şəhərdi. Əhali azdı, çox da böyük əyləncə seçimləri yoxdu. Axşamlar ya evlərinə, ya da kafelərə yığışır, tez də evlərinə çəkilirlər. Sadə, sakit həyat sürürlər. Şəhərdə çox gözəl panoraması olan Mölde arxipelağını çıxmaq şərtilə xüsusi gəziləsi, görəsi yer yoxdu. Olanları da bir günə bitirmək mümkündü. Ona görə də şəhərin ən yaxşı yerində yerləşən “Aker” stadionu Möldeni öz eyniadlı klubunun məcburi azarkeşinə çevirir. Bunu sezmək də çətin deyildi. Oyundan bir gün əvvəl ancaq klubun atributikası satılan mağazanın önündə “Mölde” bayrağı asılmışdısa, matça yaxınlaşdıqca az qala hər iki-üçün mağaza, binadan bir bu “ağ-göylü” simvolika önə çıxırdı. Mərkəzi küçənin ən görünən yerində asılan “Velkommen til kamp”, yəni “Döyüşə xoş gəlmisiz” şüarı isə qonaqları burda rahatlıq gözləmədiyinə işarə edirdi. “Şəhərin yeganə komandası” ifadəsi elə “Mölde”nin əyninə biçilib. Çox soyuq olsa da, 6 min nəfərin gəlib komandasının sona qədər dəstəkləməsini də buna bağlamaq olar.  

* * * 

Soyuq demişkən. Adətən avrokubok səfərlərinə 2 gün əvvəldən – çərşənbə axşamı günortadan sonra yollanan “Qarabağ”, gecə ora çatır, yerləşir, növbəti günün axşamı oyunöncəsi kiçik məşqə çıxır, matç günü isə sadəcə matçı gözləyirdi. Bu dəfə isə plan başqa idi. “Sabah”la matçdan sonra Qurban Qurbanov bu barədə məlumat vermişdi. Komanda çərşənbə axşamı Bakıda tam məşq keçərək oyuna hazırlıq işinin təməl hissəsini elə Azərbaycanda bitirmişdi. Çərşənbə günü yola çıxan “köhlən atlar” uzun və yorucu yolçuluqdan sonra məkana çatıb həmin gün istirahət etdilər. Bu, “alayarımçıq” məşq və potensial zədə problemini ortadan qaldırdı. Əvəzində komanda oyun günü 11:45-də adaptasiya məşqinə çıxaraq tonusa düşmək imkanı əldə etdi, həm də süni örtüklü “Aker”in həm meydançası, həm də soyuğunu sinəsinə çəkmək şansı qazandı. Bu bir qədər təhlükəli plan idi və ancaq son nəticə onun uğurlu olmasını təsdiqlədi.

Təbii ki, “iki gün əvvəl getmək və daha uzun uyğunlaşma prosesi keçmək lazım idi” deyənlər çox idi və onlara haqq verənlər arasında mən də var idim. Ancaq hər şey bu qədər sadə deyilmiş. Sizi qısamüddətli olsa da təcrübəmlə əmin edirəm ki, o soyuğa, xüsusilə də 2-3 günə öyrəşmək mümkün deyil. Lap bir həftə əvvəl də gedilsəydi, heç nə dəyişməyəcəkdi. Əksinə bu şimal soyuğu futbolçuları xəstələndirə də bilərdi. Qurbanov oyundan əvvəl bunu da dilə gətirmişdi. Təcrübə məhz belə məqamlarda ortaya çıxır. Hocaya əhsən!

Bu işin bir amması da vardı. Oyun günü səhər olan məşq komandanı tonusa salmağa kömək edirdi, ancaq adətən belə məşqdən sonra kollektiv ilk 45 dəqiqəni yaxşı keçirir, fasilədən sonra isə belə demək olarsa, boxçasındakı gücündən yeyir. Bu məqamlarda ortaya mübarizlik və döyüşkənlik ruhu ön plana çıxır. Matç bütün bu deyilənləri birə-bir təsdiqlədi. İlk yarıda “Qarabağ” planı doğru yerinə yetirərək qol vurdu, hesabda irəli keçdi, sonra isə ağdamlıların ifasında “qənaət rejimi”nə keçidə şahidlik etdik. Həm soyuq hava, həm süni meydança, həm də meydan sahibinin ciddi basqısı təbii geriləməmizi şərtləndirdi. Ancaq qısa müddətdə buraxılan iki topun əvəzinin son saniyələrdə çıxılması, əsl döyüşkənlik, mübarizlik nümunəsi idi. Ən yaxşı gülən sonda güləndi. Bizə isə gülmək yaraşır.

* * * 
“Qarabağ” Konfrans Liqasının pley-offunu təmin etdi, ancaq biz artıq bunu norma kimi qəbul edirik. Ardıcıl 3-cü dəfə bu uğura nail olan ağdamlılar, vaxtilə xəyal kimi görünən hədəfi gündəlik işə çevirib. Bunun pisi odu ki, çəkilən böyük əziyyət lazımi dəyəri görmür, yaxşı tərəfi isə odu ki, Azərbaycan futbolsevəri zəfərlərə öyrəşir və daha tələbkar olur. Bu isə digər klublarımızın qarşısında duran vəzifəni hər keçən gün daha da çətinləşdirir. Bu çətinlik biz futbolsevərləri ancaq sevindirə bilər.

Hələliksə, “Qarabağ” tarix yazmağa davam edir. Sakitcə, çox da səs salmadan, şimal qütbündə əzəmətlə hərəkət edən buzqıran gəmi kimi hərəkət edən Avropa fatehi, yazda bizi sevindirmək üçün növbəti cəhdini edəcək. Atalar üçdən deyib. Bu dəfə alınacaq. 

Kənan Məstəliyev, Bakı-Mölde-Bakı.