
"Səbail"in futbolçusunun “Olimpiakos” arzusu ürəyində qaldı
- 16 Yan 2022 17:00
- 884
Artıq bir həftəyə yaxındı “Səbail”in müdafiəçisi Turan Manafovun Yunanıstana yollanacağı ilə bağlı xəbərlər dolaşsa da, futbolçu Abşeron yarmadasını tərk edə bilmir.
Onun agenti İlkin Alıyev qəzetimizə verdiyi müsahibədə “dənizçilər”in rəhbərliyindən narazılığını bildirmiş, klub rəsmilərini sözünü tutmamaqda ittiham etmişdi. Onun sözlərinə görə, mövsümlərarası fasilədə Turan yeni müqaviləyə imza atarkən “Səbail”in rəhbərliyi xaricdən təklif alacağı təqdirdə müdafiəçini sərbəst buraxacağına söz verib. Ancaq müqavilədə bununla bağlı hansısa bənd olmadığından rəhbərlik müdafiəçiyə azad agent statusu vermir. Azərbaycan futbolunun illərdi dəyişməz qalan “kişi sözü” bu dəfə Turanı “yandırıb”.
Ancaq dünən Yunanıstanın "Taxydromos" nəşri 24 yaşlı cinah müdafiəçisinin Yunanıstana gəldiyini, tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacağını paylaşıb. Azərbaycanın əksər saytları da adını qeyd etdiyimiz nəşrə istinadla “Səbail”in müdafiəçisinin Volos “Olimpiakos”u ilə müqavilə bağlamaq üçün ellin diyarına getdiyini yazıb. "Taxydromos"un xəbərini dəqiqləşdirmək üçün dünən yenidən İlkin bəylə əlaqə saxladıq. Məlum oldu ki, Manafov Bakını tərk etməyib, Yunanıstan mediasının yaydığı xəbər həqiqəti əks etdirmir:
“Turan Manafov hazırda Bakıdadı. Daha dəqiq desəm, Bayılda “Səbail”in bazasındadı. Yunanıstan mediasında yazılanlar yalandı. Ö gün sizə dedyim kimi, klub rəhbərliyi yayda verdiyi sözü tutmadı və müdafiəçinin Yunanıstana yollanmasının qarşısını kəsdi. Klubun belə münasibəti futbolçuya pis təsir edib. O ölkə xaricinə yollanmasa belə, “Səbail”də qalmayacaq. Sizə dedyim kimi, ona yerli klublardan da təkliflər var. Böyük ehtimalla Manafov həmin təkliflərdən birini dəyərləndirəcək”. ("Futbol plus")