"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 30-cu turunda doğma meydanda "Zirə"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, qolsuz heç-heçəyə belə şərh verib:

“Komandam pis oynamadı. Turnir cədvəlindəki yerimiz də pis deyil. Bu gün düşünmürəm ki, azarkeşləri üzəcək bir şey etdik. Oyunda gərginlik var idi, hücumlar edirdik. Azarkeşlər pis günümüzdə də yanımızda olmalıdır.

Son iki oyunda baş verənlərim bizimlə əlaqəsi yoxdur. Bir az yox, yetərincə təzyiq gəldi üzərimizə. Ümumiyyətlə bu haqda danışmaq istəmirəm. Kim desə ki, hakimlər "Sumqayıt"a kömək edir, həmin adamla oturub danışa, suallarına cavab verə bilərəm. Bu polemikaya girsəm, uzun söhbətlər olacaq. Mənim özümə də xoş olmayacaq. Dediklərim saytlara qoyulacaq, şərhlər, söyüşlər...

Sarı vərəqələr məni də dilə gətirəcək. Referilərə qarşı mülayim davranmışam. Bilmirəm mütlıq sarı vərəqə verilməlidir deyə qanun qoyulub, yoxsa necədir. Bu gün mənə verilən sarı vərəqə yersiz idi”.