“Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Lex” (Polşa) üzərində parlaq qələbəsi (5:1, ilk oyun 0:1) komandanın sabiq futbolçularının da sevincinə səbəb olub.

Rekord.az xəbər verir ki, Ağdam təmsilçisinin mərhələ adlaması ilə nəticələnən bu oyundan sonra “Qarabağ” klubunun rəsmi İnstaqram səhifəsi paylaşım edib. Paylaşıma Ansi Aqolli, Mahir Emreli, Uroş Matiç, İbrahim Şehiç dərhal reaksiya veriblər.

“Qarabağ”ın sabiq kapitanı, hazırda “Zirə”nin baş məşqçisi olan Rəşad Sadıqov isə paylaşdığı şəklə “Təbriklər, “Qarabağ” ailəsi. Sadəcə möhtəşəm!” sözlərini yazıb.

Donald Geryenin paylaşımı da diqqət çəkib. O, üzərində Azərbaycan və ingilis dillərində “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözləri yazılan şəkil paylaşmaqla keçmiş komandasını təbrik edib.