Xorvatiyanın məşhur "gol.hr" saytı "Sabah" - "Qarabağ" (3:2) oyunundan yazıb.

Rekord.az xəbər verir ki, yazıda "Sabah"ın baş məşqçisi olan xorvatiyalı Krunoslav Renduliçin işi xüsusi vurğulanıb.

Onun cəmi ay yarımdır baş məşqçisi olduğu komanda ilə ölkənin ən güclü klubu olan "Qarabağ" üzərində qələbəsi "kiçik möcüzə" kimi dəyərləndirilib:

"Krunoslav Renduliçin baş məşqçisi olduğu "Sabah" "Qarabağ" üzərində möhtəşəm qələbə qazanıb. Renduliç cəmi bir aydan bir qədər artıqdır baş məşqçisi olduğu "Sabah"ın "sükanı arxasında" artıq əsl kiçik möcüzə yaradıb.

Onun komandası evdə "Qarabağ"ı 3:2 hesabıyla məğlub edib. Həmin "Qarabağ" cəmi bir ay əvvəl "Bay Arena"da "Bayer Leverkuzen"lə matçda  2:0 hesabıyla irəli çıxaraq Avropa Liqasında 1/4 finala vəsiqə qazanmaq üçün yaxşı fürsət qazanmışdı. Lakin Xabi Alonsonun komandası əlavə vaxtda möcüzəvi şəkildə geridönüş edərək buna imkan vermədi. Buna baxmayaraq, Azərbaycan təmsilçisinin cəsur oyunu hamı tərəfindən alqışlarla qarşılandı". 

Daha sonra yazıda “Sabah” – “Qarabağ” oyunu və Azərbaycan Premyer Liqasında mövcud vəziyyət barədə məlumata yer verilib.