İngiltərə Premyer Liqasının 18-ci turundan təxirə salınmış “Brayton”la oyun (2:0) “Mançester Yunayted”in hücumçusu Kristiano Ronaldo üçün əlamətdar olub.

Rekord.az xəbər verir ki, sözügedən görüşdə hesabı açan portuqaliyalı hücumçu ardıcıl 21 ildir ən azı bir qol vurur.

37 yaşlı oyunçunun qol seriyası 2002-ci ildən başlayır. Həmin vaxt o, Portuqaliyanın “Sportinq”ində çıxış edirdi. 

Qeyd edək ki, "Brayton"a vurduğu top sayəsində Ronaldo 6 matçlıq qolsuzluq seriyasına son qoyub.

Ronaldo bu qol sayəsində Braziliya millisinin əfsanəvi oyunçusu Romarionun rekorduna da şərik çıxıb. Təcrübəli forvard klub karyerasında 689-cu dəfə fərqlənib. O, Portuqaliya "Sportinq"ində 5, "Mançester Yunayted"də 133, İspaniya "Real"ında 450, İtaliya "Yuventus"unda isə 101 çempionat qoluna imza atıb.

Yeri gəlmişkən, “Mançester Yunayted”in qapıçısı David de Xea da komandanın sabiq qolkiperi Peter Şmeyxelin rekordunu təkrarlayıb. 31 yaşlı futbolçu buna “Brayton”la qarşılaşmada qapısını toxunulmaz saxlamaqla nail olub. Beləliklə, o, yerli çempionatda qol buraxmadığı görüşlərin sayını 128-ə çatdırıb. Bununla da De Xea 1991-1999-cu illərdə “qırmızı şeytanlar”da oynamış Şmeyxelin rekordunu təkrarlayıb.