Son iclasının nə vaxt keçirildiyi unudulan Klublar Komitəsindən bir müddətdi xəbər almağa çalışırıq.

Lakin cəhdlərimiz nəticəsiz qalır. Buna səbəb qurumun sədri Riad Rəfiyevin suallarımızı cavabsız qoymasıdı. Bir ay ərzində dəfələrlə onu arasaq da, hər dəfə Rəşad Məmmədovla əlaqə saxlamağımızı istəyir. 

Rəfiyevlə bir həftə öncə yenidən əlaqə saxlamağa çalışsaq da, sədr yenə də cəhdimizi boşa çıxardı. Belə hallar bizdə haqlı olaraq Klublar Komitəsinin fəaliyyətini dayandırdığı ilə bağlı şübhə yaratdı. Bunu öyrənmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. Qurum rəsmisi məsələ ilə bağlı yalnız Riad bəylə danışa biləcəyimizi dedi. Nə etmək olar? Rəşad Məmmədovu arayıb, Rəfiyevlə danışmaq istədiyimizi söylədik. O isə kömək etməyə çalışacağını bildirdi. Amma Rəfiyev bu dəfə də sualımızı cavabsız qoydu. Hər halda, şübhələnməyə dəyər. Bəlkə Riad bəy AFFA-nın varlığına məhəl qoymadan öz qərarı ilə Klublar Komitəsini tarixə qovuşdurub, xəbərimiz yoxdu? ("Futbol plus")

 

Qeyd edək ki, Rekord.az saytı olaraq məsələ haqda biz də bir neçə gün qabaq məlumat paylaşmışdıq. Saytımıza daxil olan məlumatda deyilmişdi ki, komitə hazırda faktiki fəaliyyətsizdir. Məsələ ilə bağlə Riad Rəfiyevlə Elxan Məmmədov görüşəcək və yalnız bu görüşdən sonra yekun qərar veriləcək.