
Rəşad Sadıqov Kintananı "Zirə"yə gətirir?
- 11 Dek 2021 11:00
- 1133
“Zirə” Azərbaycanda oynamış daha bir futbolçunu qaytarmağa hazırlaşır.
Rekord.az xəbər verir ki, apasport.az-ın əldə etdiyi məlumata görə, “Qarabağ”ın növbəti sabiq oyunçusu yenidən ölkəmizdə çıxış edə bilər.
Bir müddət əvvəl Riçard Almeydanı Azərbaycana qaytaran bakılıların baş məşqçisi Rəşad Sadıqov Ağdam klubunda birgə çıxış etdiyi daha bir futbolçunun xidmətində maraqlıdır.
Söhbət ispaniyalı yarımmüdafiəçi Dani Kintanadan gedir. Bu ilin yayında “Yagelloniya” ilə anlaşan 34 yaşlı hücumameyilli futbolçu uzunmüddətli zədələr səbəbindən dünən polşalılarla müqaviləsinə xitam verib.
Artıq azad agent statusuna malik olan Kintana ilə “Zirə” arasında ilkin danışıq da olub. Anlaşmaya əsasən, oyunçunun zədə ilə bağlı problemləri ciddi olmasa, müqavilə imzalanacaq.
Dani Kintana 2015-2019-cu illərdə “Qarabağ”ın formasını geyinib.