"Qəbələ"nin qapıçısı Rəşad Əzizli "Turan Tovuz"la Tovuzda 2:2 başa çatan görüşdən sonra Rekord.az saytına müsahibə verib:

 

- Öncə elə oyundan başlayaq...

- Çətin oyun oldu. İlk hissəni yaxşı oynadıq. İkinci hissə başlayanda isə diqqətsizlikdən ik qol buraxdıq. Buna baxmayaraq, oyunu çevirə bildik. Düzdür, "Qəbələ" həmişə iddialı olub, lakin indiki halda Tovuzdan 1 xalla dönmək də pis nəticə deyil.

- Ardıcıl ikinci oyundur ki, məğlub olmursunuz. Ötən tur "Zirə" üzərindəki qələbə, bu turda da "Turan Tovuz"la heç-heçə. Demək olarmı ki, komanda tədricən özünə gəlir?

- Bəli, hiss olunur ki, məşqçinin futbolçulardan istədikləri yavaş-yavaş meydançada görünür. Növbəti turda "Qarabağ"la oynayacayıq, yaxşı nəticə qazanmaq üçün o oyuna da yaxşı hazırlaşmalıyıq.

- "Qarabağ"la oyunda nəyə ümid edirsiniz? 1 xala razısınız, yoxsa ancaq qələbə üçün oynayacaqsınız?

- Ancaq qələbə haqda fikirləşirik. Düzdür, oyunun gedişindən də çox çey asılıdır, amma düşünürəm ki, "Qarabağ"la oynamaq olar.

- "Qəbələ" necə oynamalı və nə etməlidir ki, "Qarabağ"dan xal götürə bilsin?

- Hər zaman xarakter qalib gəlir. Bu mənada xarakter göstərsək, qalib gələ bilərik. Yəqin ki, oyun planında da baş məşqçinin tapşırıqları olacaq. 

- "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov oyundan sonrakı mətbuat konfransında bildirib ki, oyunun ən yaxşısı rəqib komandanın qapıçısı idi..

- (gülür) Çox sağ olsun.

- Həqiqətən də oyun boyu bir neçə ciddi seyvlərin oldu. Ötən tur "Zirə" ilə matçın son dəqiqələrində də gözəl seyvlə komandanl 100 faizlik qoldan xilas etmişdin. Bilirik ki, zədə səbəbidən də uzun müddət ehtiyatda idin və iki turdu əsas heyətdə şans qazanırsan, buna baxmayaraq qısa zamanda yaxşı forma nümayiş etdirirsin. Buna nəyin sayəsində nail oldun?

- Zədədən qayıtdıqdan sonra sağ olsun, Elmar müəllim ("Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev) dəstək oldu, şans verdi, mən də hər oyun çalışıram ki, onun etimadını doğuruldum. Burdan ona da təşəkkür edirəm, üstümdə zəhməti böyükdür. Ayxan müəllimə də bir daha "çox sağ ol" deyirəm ki, mənim haqqımda yüksək fikirlər söyləyib.

- Milli ilə bağlı perspektivini necə görürsən, növbəti toplanışlara dəvət gözləyirsən, yoxsa bu dəftərin qapandığını düşünürsən?

- Mən hər dəfə dəvət gözləyirəm. Sadəcə, seçim baş məşqçinin seçimidir. Estoniya ilə qarşıdan gələn növbəti oyuna dəvət gözləyirəm.

 

Anar XANLAROV