Azərbaycan çempionatının Region Liqasında növbəti biabırçı hadisə yaşanıb.

Rekord.az xəbər verir ki, apasport.az-ın əldə etdiyi məlumata görə, Şimal-Qərb regionu üzrə V turun “Şəki” – “Karvan” oyunundan sonra böyük qalmaqal yaşanıb.

2:2 hesabı ilə yekunlaşan matçda hakim idarəçiliyi qonaqların kəskin narazılığına səbəb olub.

Nəticədə həm futbolçular, həm də Yevlaxdan Şəkiyə gedən azarkeşlər oyundan sonra referinin üstünə cumublar. Qonaq komandanın fanatlarının referiyə xətər yetirməsinə polislər çətinliklə də olsa mane olub.

Ancaq yevlaxlıların futbolçusu Eyyub Cabbarov hisslərini cilovlaya bilməyərək, hakimi vurub. “Karvan”ın baş məşqçisi Kənan Kərimovun kürəkəni olan Cabbarov bu hərəkətinə görə, qırmızı vərəqə ilə cəzalandırılıb.

Hirsi soyumayan “Karvan” futbolçuları və azarkeşləri hakimlərin olduğu paltardəyişmə otağına da girməyə çalışıb. Təhlükəsizlik əməkdaşları daha böyük biabırçılığın qarşısını alsa da, hakim ağır təhqirlərə məruz qalıb.

Yaşananlarla bağlı “Karvan”ın baş məşqçisi Kənan Kərimovun da fikirlərini öyrənmişik. Ötənlərin tanınmış futbolçusu bütün bunların günahını hakimdə görüb:

“Hakimlik sıfır səviyyəsində idi. 2:0 hesabı ilə öndə idik, ikinci hissədə meydan sahiblərinə açıq-aşkar kömək etdi. Rəqibin qapısına iki təmiz penaltimizi vermədi.

Epizodlar vaxtı heç o tərəfə baxmaq istəmədi. Sanki ora bizi dayandırmaq üçün gəlmişdi. Onun hakimlikdən xəbəri yox idi, küçədən tutub gətirmişdilər.

Futbolçularımız da hisslərini cilovlaya bilmədilər. Matçdan sonra etirazlarını bildirdilər. Yaxşı ki, hələ bir oyunçumuz kəskin etiraz etdi.

Təşkilatçılardan xahiş edirəm ki, oyunlara normal hakim göndərsinlər”.

 

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

“Turnir cədvəlində birinci yerdəyik. 2:0 hesabı ilə öndə olduğumuz oyunu rəqibin öz gücünə 2:2-yə çevirməsi mümkünsüz bir şey idi”.

Bunu apasport.az saytına açıqlamasında Region Liqasının Şimal-Qərb regionunun V turunda “Şəki” ilə səfər oyunundan sonra hakimi vurduğu üçün qırmızı vərəqə alan “Karvan”ın futbolçusu Eyyub Cabbarov deyib.

Gənc oyunçu 2:2 hesabı ilə yekunlaşan qarşılaşmada hakimin birtərəfli idarəçilik etməsindən gileylənib: “Bilmirəm AFFA hara baxır, belə hakimləri haradan tapıb Region Liqasına göndərir. Oyun zamanı ən azı iki dəfə təmiz penaltimizi vermədi. Komanda 90 dəqiqə əziyyət çəkir, bir nəfərin səhvləri bütün zəhməti hədər edir. Görüş 5 dəqiqədə də uzansaydı, bizi uduzduracaqdı. Hakim göz görə-görə rəqibə “işlədi”. Bütün istəyi “Şəki”ni uddurmaq idi”.

Yevlax klubunun baş məşqçisi Kənan Kərimovun kürəkəni olan 22 yaşlı mərkəz müdafiəçisi matçdan sonra referini vurduğunu da etiraf edib: “Özümü cilovlaya bilmədim, əsəbimdən belə bir hərəkət elədim. İstəməzdim belə olsun. Amma bezdirdi, mən də vurdum. Mənim yerimdə kim olsaydı, bu hərəkəti edərdi. Bir qəpik pul verən yoxdur, hamımız iş-gücümüzü atıb, gəlib tər tökürük, futbol oynayırıq. Heç yolpulumuz verilmir. Ən çox əsəbiləşdiyim o idi ki, Yevlaxdan o qədər azarkeş qələbə qazanmağımız üçün gəlmişdi. Kənan Kərimovun sayəsində bu komanda ayaqda durur. Hər şeyi öz cibindən edir. Bu boyda tər tökürük, hakimin hərəkəti o kişinin əziyyətini yerə vurmaq idi”.

“Şəki” – “Karvan” oyunu 2:2 hesabı ilə yekunlaşıb. Hazırda “Karvan” 10 xalla turnir cədvəlinə başçılıq edirsə, 2 xala malik “Şəki” 7 komandalı turnirin sonuncu pilləsində qərarlaşır.